
Bəzi tarixlər var ki, onlar təqvimdə adi bir gün kimi deyil, xalqın yaddaşında əbədi yaşayan milli dəyərlər kimi qalır. 27 Sentyabr – Anım Günü də Azərbaycan xalqı üçün məhz belə tarixlərdəndir.
Bu gün 2020-ci il Vətən müharibəsinin ilk gününü xatırlamaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsidir.
Vətən müharibəsinin başladığı ilk gündən Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük fədakarlıq göstərdilər. Döyüşlərdə iştirak edən əsgər və zabitlərimiz qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bütün güclərini səfərbər etdilər. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixinin şərəfli səhifələrindən birinə çevrildi.
Bu mübarizənin ən ağır tərəfi isə şəhidlərimizin verdiyi qurbanlardır. Onlar Vətənin müdafiəsi uğrunda ən qiymətli sərvətlərini – həyatlarını fəda etdilər. Bu səbəbdən 27 Sentyabr Azərbaycan xalqının həm qürur, həm də dərin hüzn hissləri ilə yad etdiyi gündür.
Şəhidlərimizin ailələri üçün isə onların xatirəsi hər gün yaşayır. Bir övladın atasını, bir ananın oğlunu, bir qadının həyat yoldaşını itirməsi heç bir sözlə ifadə edilə bilməyəcək qədər ağır itkidir. Buna görə də şəhid ailələrinə ehtiram göstərmək, onların yanında olmaq və qayğılarını bölüşmək hər birimizin mənəvi borcudur.
Bu gün şəhidlərimizin məzarları ziyarət edilir, onların ruhuna dualar oxunur, xatirələri müxtəlif tədbirlərlə yad olunur. Məktəblərdə və digər təhsil müəssisələrində şəhidlərin həyat və döyüş yolu haqqında məlumatlar gənc nəslə çatdırılır.
Çünki şəhidlərimizin qəhrəmanlığını yaşatmaq həm də tariximizi yaşatmaq deməkdir.
27 Sentyabr Anım Günü münasibətilə bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq heç vaxt unudulmayacaq. Ruhları şad olsun!
Əliyeva Səbinə
Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin direktoru
