Sizin reklam burada
Sizin reklam burada

27 Sentyabr – Qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

27 Sentyabr – Qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti illər keçdikcə daha da aydın görünür. 27 Sentyabr – Anım Günü də belə tarixlərdəndir. Bu gün 2020-ci ildə Vətən müharibəsinin başlanması və həmin müharibədə canından keçən qəhrəmanlarımızın xatirəsinin yad edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Həmin gün Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları Vətən müharibəsinin başlanmasına səbəb oldu. 44 gün davam edən müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələrlə başa çatdı.
Bu qələbənin arxasında Azərbaycan əsgərinin şücaəti, zabitlərimizin peşəkarlığı, xalqımızın birliyi və ən əsası, Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı dayanır. Onlar öz həyatlarını düşünmədən torpağın, dövlətin və xalqın müdafiəsinə qalxdılar.
Şəhidlik Azərbaycan xalqının yaddaşında müqəddəs məqamdır. Şəhidlərimizin adları küçələrdə, məktəblərdə, xiyabanlarda və müxtəlif ictimai məkanlarda əbədiləşdirilir. Lakin onların ən böyük abidəsi xalqımızın qəlbində və tariximizdə yaşayır.
27 Sentyabr yalnız keçmişi xatırlamaq günü deyil. Bu tarix həm də gənc nəslin Vətənə, dövlətə və milli dəyərlərə bağlı ruhda tərbiyə olunmasının vacibliyini göstərir. Şəhidlərimizin həyat və döyüş yolu gənclərimiz üçün Vətən sevgisinin ən böyük nümunələrindən biridir.
Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların müqəddəs xatirəsi daim yaşayacaq. Allah rəhmət eləsin!


Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ