
27 Sentyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş mühüm tarixlərdən biridir. Bu gün ölkəmizdə Anım Günü kimi qeyd olunur. 27 Sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin ilk günü kimi tariximizdə xüsusi yer tutur. Həmin gündən etibarən Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda böyük mübarizəyə başladı.
Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, həmrəyliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Müharibənin ağır günlərində Azərbaycan vətəndaşları ordumuzun ətrafında sıx birləşərək əsgər və zabitlərimizə mənəvi dəstək oldular. Minlərlə Azərbaycan vətəndaşı öz həyatını Vətən uğrunda mübarizəyə həsr etdi.
Bu mübarizənin ən böyük qəhrəmanları isə canlarını Vətən torpağının azadlığı uğrunda fəda edən şəhidlərimizdir. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixinin şərəfli səhifələrindən birini təşkil edir. Şəhidlərimizin hər birinin həyat yolu, Vətən sevgisi və göstərdiyi fədakarlıq gələcək nəsillər üçün örnəkdir.
27 Sentyabr həm də bizə xatırladır ki, müstəqillik, ərazi bütövlüyü və dövlətçilik kimi dəyərlər böyük fədakarlıqlar hesabına qorunur. Bu gün şəhidlərimizin ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı xalqımızın Vətən qarşısında xidmət göstərən insanlara olan ehtiramının ifadəsidir.
Anım Günü münasibətilə bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların ailələrinə səbir diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Səfər Əlirzayev
Azərbaycan Təmiz Texnologiyalar Şirkətinin təsisçisi, İş adamı
