
27 Sentyabr xalqımız üçün hüzn, qürur və ehtiram hisslərinin bir arada yaşandığı gündür. Azərbaycan Respublikasında hər il qeyd olunan Anım Günü Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Müharibə dövründə Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdilər. Onların qarşısında duran əsas məqsəd Vətən torpaqlarının müdafiəsi və ərazi bütövlüyünün təmin edilməsi idi.
Bu yolda həyatını itirən hər bir şəhidimizin özünəməxsus həyat hekayəsi var. Onların arasında müxtəlif yaşlarda, müxtəlif peşələrdən olan insanlar vardı. Lakin onları birləşdirən ən böyük dəyər Vətən sevgisi idi. Onlar şəxsi həyatlarını, arzularını və gələcək planlarını Vətənin müdafiəsi naminə qurban verdilər.
Bu gün şəhid ailələrinin qayğıları, qazilərimizin sosial təminatı və müharibə iştirakçılarına göstərilən diqqət dövlət və cəmiyyət üçün mühüm məsələlərdən biridir. Şəhid ailələrinə hörmət göstərmək, onların övladlarına sahib çıxmaq və şəhidlərimizin adını yaşatmaq hər birimizin mənəvi borcudur.
27 Sentyabrda ölkənin müxtəlif bölgələrində şəhidlərin məzarları ziyarət olunur, onların xatirəsi yad edilir. İnsanlar şəhidlərimizin ruhuna dualar oxuyur, onların ailələrinə baş çəkir və qəhrəmanlarımızın keçdiyi şərəfli yolu bir daha xatırlayırlar.
Bu gün bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların Vətən uğrunda göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq. Şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik. Allah rəhmət eləsin!
Hatəm İbrahimov,
Xeyriyyəçi- İş adamı
