"20 Yanvar şəhidlərinin ailələrini, bu qanlı hadisənin canlı şahidlərini və iştirakçılarını, Azərbaycan Hökumətini, Vətəndaş Cəmiyyətini, ziyalılarımızı, qazilərimizi bu təşəbbüsə dəstək olmağa çağırırıq”
“20 Yanvar hadisələrində 149 nəfər qətlə yetirildi, 800 nəfərə qədər yaralanan və itkin düşən oldu. Şəhidlərin ancaq 69 nəfəri Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, qalan 80 Şəhidimiz isə Azərbaycanın müxtəlif rayonlarında, öz ata yurdlarında torpağa tapşırılıb. Bu qətliamı əyani təsvir və təbliğ edən, hadisələr və Şəhidlərimizin, yaralılarımızın hər biri barəsində müasir standartlara cavab verən məlumatların yer alacağı Muzeyə ehtiyac var”.
Bu barədə AYNA-ya “20 Yanvar Muzeyi”nin yaradılması ilə bağlı Təşəbbüs Qrupunun üzvü hüquqşünas Nicat Gözəlov məlumat verib. O bildirib ki, Təşəbbüs Qrupu olaraq “20 Yanvar Muzeyi”nin yaradılması ilə bağlı müraciət hazırlanıb.
Müraciətdə Azərbaycanın 28 aprel 1920-ci ildə işğal olunmasından sonra baş verən proseslərə, repressiyalara, ziyalılara qarşı təqib və milli varlığı aradan qaldırma təşəbbüslərinə toxunulub, totalitar rejimdən qurtulmaq üçün nəhayət xalqın azadlıq hərəkatına başladığı qeyd edilib: “1990-cı il 20 yanvarda Azərbaycan xalqına qarşı sovet ordusunun qətliamlar törətdiyi xatırladılan bəyanatda bildirilir ki, ümumilikdə respublika üzrə 149 nəfər qətlə yetirilib, 800 nəfərə qədər yaralanan və itkin düşən olub.
“Bir neçə gündən sonra 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd edəcəyik. Çox təəssüf ki, indiyə qədər bu qırğını əyani təsvir və təbliğ edən hadisələr və şəhidlərimizin hər biri barəsində müasir standartlara cavab verən məlumatların yerləşdiyi Muzey hələ də yoxdur. Biz, bir qrup ziyalı, “20 Yanvar Müzeyi”nin yaradılması üçün təşəbbüslə çıxış edirik. 20 Yanvarda baş vermiş qanlı olayın müstəqilliyimizin əldə olunmasını sürətləndirən tarixi hadisə, qəhrəmanlıq salnaməsi olduğunu nəzərə alaraq, belə bir Muzeyin yaradılmasını vacib hesab edirik. Bu Muzey bir tərəfdən gənc nəslin yaddaşında Azərbaycanın müstəqilliyinin bərpası tarixini yaşatmaq, digər tərəfdən isə Azərbaycana gələn qonaqların bu şanlı tariximizlə tanış olmaq imkanını yaradacaqdır. 20 Yanvar şəhidlərinin ailələrini, bu qanlı hadisənin canlı şahidlərini və iştirakçılarını, Azərbaycan Hökumətini, Vətəndaş Cəmiyyətini, ziyalılarımızı, qazilərimizi bu təşəbbüsə dəstək olmağa çağırırıq!”, – müraciətdə bildirilib.
Qeyd edək ki Təşəbbüs Qrupunun üzvləri hüquqşünas Nicat Gözəlov, müstəqil jurnalist Mübariz Əhmədov, araşdırmaçı Fuad Səmədov, hərbi jurnalist Əntiqə Qonaq, psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı, müstəqil jurnalist Fuad Abbasov və tarixçi-araşdırmaçı Xəqani İsmayıldan ibarətdir.