
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən uğrunda canından keçmiş övladlarını ehtiramla yad etdiyi müqəddəs günlərdən biridir. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü xatırlatmaqla yanaşı, şəhidlərimizin qəhrəmanlığını və fədakarlığını bir daha yada salır.
Vətən müharibəsi Azərbaycan xalqının həyatında dərin iz buraxdı. 44 gün ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları müxtəlif istiqamətlərdə döyüşərək böyük qəhrəmanlıq göstərdilər. Müharibənin gedişində yüzlərlə yaşayış məntəqəsinin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi hadisə kimi yadda qaldı.
Bu tarixi prosesin ən ağır yükünü isə ön cəbhədə döyüşən hərbçilər daşıdılar. Onların bir qismi müharibədən sağ qayıtdı, bir qismi isə əbədi olaraq Vətən torpağında qaldı. Şəhidlərimizin ailələri üçün isə 27 Sentyabr və digər anım günləri doğmalarının xatirəsini yaşatmaq baxımından xüsusi məna daşıyır.
Şəhidlərimizin həyatını və qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq mühüm vəzifələrdəndir. Çünki tarix yalnız kitab səhifələrində deyil, insanların yaddaşında da yaşadılır. Şəhidlərin adını yaşatmaq, onların ailələrinə ehtiram göstərmək və Vətən qarşısında xidmətlərinin qiymətini bilmək milli yaddaşımızın qorunmasına xidmət edir.
27 Sentyabr bizə həm də birlik və həmrəylik dərsi verir. Azərbaycan xalqının çətin günlərdə bir yumruq kimi birləşməsi Vətən sevgisinin nə qədər güclü olduğunu göstərdi.
Bu əlamətdar gündə Vətənimizin bütövlüyü və müdafiəsi uğrunda şəhid olan bütün qəhrəmanlarımızın qarşısında baş əyirik. Şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyir, onların ailələrinə səbir və möhkəm cansağlığı arzulayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Həmid Qasımov
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri
