ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak edən istənilən Aİ ölkəsi hücumun şəriki hesab olunacaq və nəticələrlə üzləşəcək.
Bu barədə İranın BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi Əli Bəhreyni mətbuat konfransı zamanı bəyan edib.
"Əgər hər hansı bir Aİ ölkəsi İrana qarşı hərbi hücumda iştirak edərsə, o, şərik kimi qiymətləndiriləcək", - deyə Bəhreyni xəbərdarlıq edib.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkələrinin İrana endirilən zərbələrdə iştirak etmədiyini bildiriblər. Bununla belə, onlar ABŞ və İsrail də daxil olmaqla beynəlxalq tərəfdaşlarla sıx təmasda olduqlarını qeyd ediblər.
Bundan əlavə, "Avropa üçlüyü"nün liderləri sabitliyin təmin olunmasına və mülki əhalinin müdafiəsinə sadiq olduqlarını bildirərək, İranın nüvə proqramı üzrə danışıqların bərpasına çağırıblar. Onlar həmçinin İranın Yaxın Şərq ölkələrinə endirdiyi cavab zərbələrini pisləyiblər.
Öz növbəsində, İspaniyanın Baş naziri Pedro Sançes İsrail və ABŞ-ın İrana qarşı hərbi hərəkətlərini pisləyib. O, İrana hücumu "eskalsiya" adlandırıb və bunun daha qeyri-sabit və düşmən beynəlxalq düzənin qurulmasına gətirib çıxara biləcəyindən narahatlığını ifadə edib.

