
Qanlı 20 Yanvar hadisələri bugünkü gənc nəsil üçün yalnız tarix kitablarında oxunan bir fakt deyil, azadlığın real qiymətini göstərən canlı dərsdir. O gecə həyatını itirən insanlar sabahın azad olacağına inanaraq meydanlara çıxmışdılar.
36 il keçməsinə baxmayaraq, 20 Yanvarın dərsləri aktuallığını qoruyur. Müstəqil dövlətin qorunması, milli maraqların müdafiəsi və vətəndaş məsuliyyəti bu faciənin bizə miras qoyduğu əsas anlayışlardır.
20 Yanvar hadisələrinə, ilk növbədə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar niyyətlərinə təkan verən keçmiş SSRİ rəhbərliyinin havadarlığı və bilavasitə təşəbbüsü ilə Bakıya sovet ordusu hərbi hissələrinin yeridilməsi ilə nəticələnən silahlı təcavüz aktı kimi yanaşmaq lazımdır. Buna qədər isə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə "birləşdirilməsi" haqqında antikonstitusion akt qəbul etdikdə Moskva buna göz yumdu. Qorbaçovun köməkçisi Aqanbekyanın, "Daşnaksütyun" partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji uydurmalar yeridilir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən "sıxışdırmalara", "təhqirlərə" və "ayrı-seçkiliyə" qarşı məcburi etiraz hərəkəti kimi qələmə verilirdi. XX əsrin axırlarında sovet rəhbərliyi bir tərəfdən ermənilərin ərazi iddialarının təmin olunması, digər tərəfdən azərbaycanlıları daha da sıxışdırmaq məqsədilə onların yaşadıqları ərazilərin kiçildilməsi siyasətinin davam etdirilməsi üçün cinayətkar məqsədli ardıcıl addımlar atdılar. Bu hadisələr azərbaycanlılara qarşı iki əsr ərzində davam edən soyqırımı, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin məntiqi davamı idi. Həmin illər xalqımız ayaqda idi. Həm Qarabağda erməni separatizminin meydan sulamasının qarşısının alınmasını, həm də azərbaycanlıların qədim Oğuz yurdu İrəvandan kütləvi surətdə divan tutularaq zorakılıqla qovulmasını dayandırmağı Moskvadan tələb edirdi. Bu, Azərbaycan xalqının haqlı konstitusion tələbi idi və sovet rəhbərləri 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə bu haqlı tələbə misli görünməmiş qəddarlıq və cinayətkarlıqla cavab verdi.
Siyasi hakimiyyətin bütün maneələrinə baxmayaraq paytaxt Moskvada mətbuat konfransı keçirən Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun sabiq üzvü, SSRİ Nazirlər Soveti sədrinin sabiq birinci müavini Heydər Əliyev bu qanlı qırğına görə Mixail Qorbaçovu ittiham etdi.
Sovet rəhbərliyinin islam təhlükəsi barədə şişirdilmiş yalanı yerimədi. Bütün dünya az sonra Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin yeni səhifəsinin şahidi oldu. "Qanlı Yanvar" hadisəsindən iki ay sonra Azərbaycanın SSRİ-dən ayrılması, dövlət müstəqilliyi uğrunda mübarizəsi başlandı. Bir il sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bu, həm də SSRİ-nin dağılması, "Müstəqilliklər paradının" başlanğıcı oldu.
Gənclər bu tarixi unutmadıqca, Azərbaycan dövləti daha da güclənəcək. Çünki 20 Yanvar yaddaşı milli kimliyimizin ayrılmaz hissəsidir.
Əkrəm Babayev,
Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru,
1-ci və 2- ci Vətən Müharibəsinin iştirakçısı, Müharibə Veteranı
