Sizin reklam burada
Sizin reklam burada

O gecə Bakının üzərinə qara gecə çökdü…

O gecə Bakının üzərinə qara gecə çökdü…


20 Yanvar qırğınının 36-ci ili tamam olur. Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar xalqımızın milli azadlıq, milli müstəqillik uğrunda apardığı çoxillik mübarizəsinin heç zaman unudulmayacaq tarixi səhifələrindəndir. Sovet cəza dəstələrinin qanlı cinayətinə baxmayaraq, bu müstəqillik hərəkatı xalqın yetkin siyasi şüuru və azadlığa olan möhkəm inamı sayəsində özünün şərəfli adını dünya azadlıq mübarizəsinin tarixinə yazdı. Bu qanlı hadisə azərbaycanlılara qarşı törədilmiş son 100 ilin ən ağır beynəlxalq cinayətlərindən biridir.

SSRİ rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq 1990-cı ilin yanvarında Bakıda baş vermiş amansız qətliamı dünyadan gizlətmək mümkün olmadı, bu hərbi təcavüzü ört-basdır etmək üçün SSRİ rəhbərliyinin bəyan etdiyi qəribə ittihamlar sabun köpüyü kimi dağıldı. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaq".

SSRİ rəhbəri Mixail Qorbaçovun Qərbdə populyar olması onun bu qanlı əməlinin dünya liderləri tərəfindən pislənməsinin qarşısını ala bildi. Böyük Britaniya XİN-i bəyanat verərək Azərbaycanda yaranmış vəziyyəti "SSRİ-nin daxili işi" kimi qiymətləndirirdi. İtaliyanın xarici işlər naziri D.Mikels də bəyan etmişdi ki, Bakıda baş vermiş hadisələr SSRİ-nin daxili işidir. Onun dediyinə görə, SSRİ hökuməti öz milli mənafelərini qorumalı və Azərbaycan Xalq Cəbhəsinin radikal əhvali-ruhiyyəli millətçilərinin qarşısını almalı idi.

Həmin günlər "Amerikanın səsi" radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi üçün Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə edib. Amma sonradan onlar da səhv etdiklərinin fərqinə vardılar.

Həmin ağır günlərdə baş verənlərə öz qəti etirazını bildirən, Azərbaycanın Moskvadakı nümayəndəliyində hadisə ilə bağlı mətbuat konfransı keçirən görkəmli dövlət xadimi Heydər Əliyev oldu.

Amma o gecə bir həqiqət də sübut olundu: Azərbaycan xalqı qorxmur. Qanlı Yanvar milli ruhun sındırıla bilmədiyini göstərdi. Şəhidlərin qanı torpağa hopdu, amma azadlıq ideyası daha da yüksəldi.

Bu gün Şəhidlər Xiyabanı təkcə matəm yeri deyil, həm də milli qürur məkanına çevrilib.

İlhamə Abdullayeva
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ