
20 Yanvar faciəsi Azərbaycan xalqının ən ağır sınaqlardan keçdiyi günlərdən biri oldu. O gecə tankların qarşısına çıxan insanlar silahsız idilər, lakin onların qəlbində azadlıq inancı və Vətən sevgisi vardı.
Qanlı Yanvar göstərdi ki, Azərbaycan xalqı öz taleyinə sahib çıxmağa qadirdir. Şəhid olanlar təkcə öz ailələrinin deyil, bütöv bir millətin övladları idilər. Onların şəhadəti xalqımızın milli birliyini daha da möhkəmləndirdi.
Bu faciə eyni zamanda şəhidlik anlayışını yeni bir mərhələyə yüksəltdi. 20 Yanvar şəhidləri azadlıq naminə canından keçməyin ən ali nümunəsini nümayiş etdirdilər.
Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.
Azərbaycanın ümumilikdə 150 nəfər 20 Yanvar şəhidi var.
Onların xatirəsi bu gün də Azərbaycan cəmiyyətini bir amal ətrafında birləşdirir.
Elşad Quluyev
Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi
