
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. 1990-cı ilin 20 yanvar gecəsi keçmiş Sovet İttifaqının hərbi birləşmələri Bakıya və Azərbaycanın bir sıra bölgələrinə yeridilərək dinc əhaliyə qarşı amansız qətliam törətdi. Bu hadisə Azərbaycan xalqının azadlıq, müstəqillik və milli suverenlik uğrunda mübarizəsinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biri kimi tarixə düşdü.
Həmin gecə yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, yaşlılar yalnız azadlıq arzusu ilə küçələrə çıxdıqları üçün gülləbaran edildi. Onlarla insan yaralandı, yüzlərlə ailənin ocağına yas düşdü. Sovet ordusu beynəlxalq hüququ, insan haqlarını və humanitar prinsipləri kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı cinayət törətdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Bu gün 20 Yanvar şəhidləri Azərbaycan xalqının qürur mənbəyidir. Onların xatirəsi daim uca tutulur, adları tariximizə qızıl hərflərlə yazılıb.
Həmid Qasımov
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri
