Sizin reklam burada
Sizin reklam burada

Taleyimizin Qanlı 20 Yanvarı

Taleyimizin Qanlı 20 Yanvarı


Azərbaycan xalqının tarixində ən kədərli və eyni zamanda şanlı səhifə olan 20 Yanvar qırğınının 35-ci ili tamam olur. Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar xalqımızın milli azadlıq, milli müstəqillik uğrunda apardığı çoxillik mübarizəsinin heç zaman unudulmayacaq tarixi səhifələrindəndir. Sovet cəza dəstələrinin qanlı cinayətinə baxmayaraq, bu müstəqillik hərəkatı xalqın yetkin siyasi şüuru və azadlığa olan möhkəm inamı sayəsində özünün şərəfli adını dünya azadlıq mübarizəsinin tarixinə yazdı. Bu qanlı hadisə azərbaycanlılara qarşı törədilmiş son 100 ilin ən ağır beynəlxalq cinayətlərindən biridir.

20 Yanvar hadisələrinə, ilk növbədə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar niyyətlərinə təkan verən keçmiş SSRİ rəhbərliyinin havadarlığı və bilavasitə təşəbbüsü ilə Bakıya sovet ordusu hərbi hissələrinin yeridilməsi ilə nəticələnən silahlı təcavüz aktı kimi yanaşmaq lazımdır. Buna qədər isə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə "birləşdirilməsi" haqqında antikonstitusion akt qəbul etdikdə Moskva buna göz yumdu. Qorbaçovun köməkçisi Aqanbekyanın, "Daşnaksütyun" partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji uydurmalar yeridilir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən "sıxışdırmalara", "təhqirlərə" və "ayrı-seçkiliyə" qarşı məcburi etiraz hərəkəti kimi qələmə verilirdi. XX əsrin axırlarında sovet rəhbərliyi bir tərəfdən ermənilərin ərazi iddialarının təmin olunması, digər tərəfdən azərbaycanlıları daha da sıxışdırmaq məqsədilə onların yaşadıqları ərazilərin kiçildilməsi siyasətinin davam etdirilməsi üçün cinayətkar məqsədli ardıcıl addımlar atdılar. Bu hadisələr azərbaycanlılara qarşı iki əsr ərzində davam edən soyqırımı, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin məntiqi davamı idi. Həmin illər xalqımız ayaqda idi. Həm Qarabağda erməni separatizminin meydan sulamasının qarşısının alınmasını, həm də azərbaycanlıların qədim Oğuz yurdu İrəvandan kütləvi surətdə divan tutularaq zorakılıqla qovulmasını dayandırmağı Moskvadan tələb edirdi. Bu, Azərbaycan xalqının haqlı konstitusion tələbi idi və sovet rəhbərləri 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə bu haqlı tələbə misli görünməmiş qəddarlıq və cinayətkarlıqla cavab verdi.

SSRİ rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq 1990-cı ilin yanvarında Bakıda baş vermiş amansız qətliamı dünyadan gizlətmək mümkün olmadı, bu hərbi təcavüzü ört-basdır etmək üçün SSRİ rəhbərliyinin bəyan etdiyi qəribə ittihamlar sabun köpüyü kimi dağıldı. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaq".

Təəssüf ki, həmin dövrdə bu acınacaqlı faktlara dünya ictimaiyyətinin də mövqeyi birmənalı olmamışdır. Bəzi qərb ölkələri bu cinayətkar hərəkətləri SSRİ-nin daxili işi hesab edərək baş vermiş insan hüquq pozuntularına öz siyasi maraq və mənafeləri prizmasından yanaşmaqla laqeyd və seyrçi mövqedə dayanmışlar. Məsələn, Böyük Britaniya və İtaliyanın XİN-i bəyanat verərək Azərbaycanda yaranmış vəziyyəti "SSRİ-nin daxili işi" kimi qiymətləndirirdi. ABŞ isə Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuaylerin şəxsində bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M.Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilmişdir.

SSRİ rəhbəri Mixail Qorbaçovun Qərbdə populyar olması onun bu qanlı əməlinin dünya liderləri tərəfindən pislənməsinin qarşısını ala bildi. Böyük Britaniya XİN-i bəyanat verərək Azərbaycanda yaranmış vəziyyəti "SSRİ-nin daxili işi" kimi qiymətləndirirdi. İtaliyanın xarici işlər naziri D.Mikels də bəyan etmişdi ki, Bakıda baş vermiş hadisələr SSRİ-nin daxili işidir. Onun dediyinə görə, SSRİ hökuməti öz milli mənafelərini qorumalı və Azərbaycan Xalq Cəbhəsinin radikal əhvali-ruhiyyəli millətçilərinin qarşısını almalı idi.

Həmin günlər "Amerikanın səsi" radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi üçün Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə edib. Amma sonradan onlar da səhv etdiklərinin fərqinə vardılar.

Həmin ağır günlərdə baş verənlərə öz qəti etirazını bildirən, Azərbaycanın Moskvadakı nümayəndəliyində hadisə ilə bağlı mətbuat konfransı keçirən görkəmli dövlət xadimi Heydər Əliyev oldu.

Siyasi hakimiyyətin bütün maneələrinə baxmayaraq paytaxt Moskvada mətbuat konfransı keçirən Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun sabiq üzvü, SSRİ Nazirlər Soveti sədrinin sabiq birinci müavini Heydər Əliyev bu qanlı qırğına görə Mixail Qorbaçovu ittiham etdi.

Sovet rəhbərliyinin islam təhlükəsi barədə şişirdilmiş yalanı yerimədi. Bütün dünya az sonra Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin yeni səhifəsinin şahidi oldu. "Qanlı Yanvar" hadisəsindən iki ay sonra Azərbaycanın SSRİ-dən ayrılması, dövlət müstəqilliyi uğrunda mübarizəsi başlandı. Bir il sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Bu, həm də SSRİ-nin dağılması, "Müstəqilliklər paradının" başlanğıcı oldu.


Vüsalə Məmmədova
229 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ