“Flydubai” reysində təyyarə komandirinə hücum edən ikinci pilotun əvvəllər radikal baxışlarına görə Omanda uçuşlardan kənarlaşdırıldığı bildirilir.
“The Wall Street Journal” (WSJ) mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, söhbət 29 yaşlı Oman vətəndaşı Hammam əl-Hammamidən gedir. Onun 2024-cü ildə “Oman Air” aviaşirkətində ikinci pilot köməkçisi kimi çalışdığı zaman ekstremist məzmunlu materiallara görə uçuşlardan kənarlaşdırıldığı bildirilir. Buna baxmayaraq, sonradan “Flydubai” onu işə qəbul edib.
“ABC News”un istintaqla tanış mənbələrə istinadən yaydığı məlumata görə, müstəntiqlər pilotun hansı səbəbdən yenidən uçuşlara buraxıldığını müəyyənləşdirə bilməyiblər. Nəşrin məlumatına görə, əl-Hammami istintaqla əməkdaşlıq edir və təyyarəni İsraildə qəzaya uğratmaq niyyətində olduğunu bildirib.
“Al Arabiya” isə mənbələrinə istinadən pilotun Suriyada olduğu müddətdə radikal ideyaların təsirinə məruz qaldığını iddia edib. Onun nə vaxt və hansı səbəbdən Suriyada olduğu açıqlanmayıb.
Eyni zamanda, WSJ Oman hakimiyyətinin pilotun radikallaşması ilə bağlı məlumatları digər ölkələr və aviaşirkətlərlə bölüşüb-bölüşmədiyini müəyyənləşdirə bilməyib.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi oktyabrın 1-də insidentə ikinci pilotun təyyarə komandirinə hücumunun səbəb olduğunu təsdiqləyib.
Hadisə nəticəsində hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb. Onların səhhəti yaxşılaşdıqdan sonra BƏƏ təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Əbu-Dabiyə göndərildiyi, ekipajın digər altı üzvünün isə təhlükəsiz şəkildə Dubaya qayıtdığı bildirilib.
Hazırda BƏƏ hakimiyyəti hadisənin səbəb və şəraitini, o cümlədən uçuşun istismarı və təhlükəsizlik tədbirləri ilə bağlı məsələləri araşdırır.
