Britaniyada həbsxanalardakı yer çatışmazlığını aradan qaldırmaq məqsədilə hazırlanan hökumət planı çərçivəsində 700 məhbus vaxtından əvvəl azadlığa buraxılıb.
Bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilir ki, azad edilənlər arasında oğurluq, zorakı cinayətlər və məişət zorakılığına görə məhkum olunan şəxslər də var. Onlar cəzalarının üçdə birini çəkdikdən sonra azadlığa buraxılıblar.
Britaniya Ədliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 28-nə ölkədə kişi həbsxanalarında 84 953 yerdən cəmi 1 134-ü boş qalıb. Növbəti 10 ay ərzində daha 4 500 məhbusun vaxtından əvvəl azad edilməsi planlaşdırılır. Onların arasında 12 ildən çox müddətə azadlıqdan məhrum edilən şəxslər də olacaq.
Nazirlik azadlığa buraxılan məhbusların elektron qolbaq taxacağını açıqlayıb. 2024-cü ildən etibarən həbsxanaların doluluğu səbəbindən məhbusların cəzalarının yarısını çəkdikdən sonra azadlığa buraxılmasına icazə verilib. Bu proqram çərçivəsində indiyədək 60 minə yaxın şəxs azad edilib.

