BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yaxınlaşan aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Yaxın Şərqdəki münaqişənin real təsirləri 2026–2027-ci illərin məhsul yığımı zamanı kəskin şəkildə hiss olunacaq.
Hazırda bazarlarda çaxnaşmanın olmaması 951 milyon tondan çox olan rekord taxıl ehtiyatları ilə izah olunur. Lakin Hörmüz boğazının blokadası iki kritik sahəyə - gübrə təchizatı və logistikaya ağır zərbə vurub.
Fars körfəzi ölkələri dünya karbamid ixracının təxminən yarısına nəzarət edir. Avropa və Asiyada yaranan qaz qıtlığı isə gübrə zavodlarının fəaliyyətinin rentabelsizliyi səbəbindən dayanmasına gətirib çıxarıb.
"Louis Dreyfus Company"nin risklər üzrə direktoru Vicay Çakravartinin sözlərinə görə, aqrokimya istehsalçıları xammal uğrunda mübarizədə daha gəlirli sahələrə uduzurlar. Gübrələrin 20% bahalaşması ilə üzləşən fermerlər onlardan qənaətlə istifadə etməyə məcburdurlar ki, bu da qarğıdalı məhsuldarlığının mütləq şəkildə azalmasına səbəb olacaq.
Ekspert qeyd edib ki, ən yüksək risk zonasında Banqladeş, Misir və Şərqi Afrika ölkələri yerləşir.

