
İran rəsmiləri fevralın 6-da Omanda ABŞ ilə danışıqların birinci mərhələsi zamanı yüksək zənginləşdirilmiş uranının bir hissəsini üçüncü tərəfə, ehtimal ki, Rusiyaya təhvil verməyə hazır olduqlarını bildiriblər.
Bu barədə “The Wall Street Journal” qəzeti 17 fevralda İran, Ərəb və Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, yüksək dərəcədə zənginləşdirilmiş material 12 nüvə bombası üçün kifayətdir.
Diplomatların sözlərinə görə, İran həmçinin ABŞ-a üç ilə qədər uranın zənginləşdirilməsini dayandırmağı təklif etməyə hazırdır. Lakin ABŞ İranın uranın zənginləşdirilməsini tamamilə dayandırmasında israr edir.
Daha əvvəl məlumat yayılmışdı ki, Türkiyə qaytarmamaq şərtilə İranın zənginləşdirilmiş uranını saxlamağa razı olduğunu bildirib.
İran və ABŞ fevralın 17-də Cenevrədə danışıqların ikinci mərhələsini keçiriblər. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər razılığa necə çatmaq barədə fikirlərini təqdim ediblər. O, danışıqları məzmunlu adlandırıb. Nazirin sözlərinə görə, İran və ABŞ yeni danışıqlar üçün tarix təyin etməzdən əvvəl razılaşma üçün zəmin yaratmaq məqsədilə mətn mübadiləsi aparmaq barədə razılığa gəliblər.
ABŞ rəsmisi WSJ-yə bildirib ki, "irəliləyiş əldə edilib, lakin müzakirə ediləcək bir çox detal hələ də var".
“The Wall Street Journal” qəzetinin məlumatına görə, İranın mövcud zənginləşdirilmiş uran ehtiyatlarının əksəriyyətinin 2025-ci ilin iyun ayında ABŞ və İsrail tərəfindən dağıdılmış nüvə obyektlərinin dağıntıları altında basdırıldığı güman edilir.
ABŞ-İran danışıqları iki ölkə arasında gərginliyin artması fonunda keçirilir.
