Sizin reklam burada
Sizin reklam burada

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 3 il ötür

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 3 il ötür



Bu gün Cəbrayıl Şəhəri Günüdür

Publika.az xəbər verir ki, ilk dəfədir ki, Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Həmçinin, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda, Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Ötən il mayın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına növbəti səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə 2022-ci il oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Dövlət başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

Dövlət başçısı, həmçinin, Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.

Azərbaycan Prezidenti, həmçinin, 2023-cü il mayın 4-də Cəbrayıl rayonuna səfər edib.

Dövlət başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.

Prezident İlham Əliyev növbəti dəfə bu ilin sentyabr ayının 28-də Cəbrayıl rayonuna səfər edib.

Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ