Sizin reklam burada
Sizin reklam burada

Mehriban Əliyeva Vətənə xidmətin meyarlarını gözəl bilən parlaq dövlət xadimidir

Mehriban Əliyeva Vətənə xidmətin meyarlarını gözəl bilən parlaq dövlət xadimidir


2014-cü il dekabrın 24-də Prezident İlham Əliyev 53 yaşını qeyd edəndə birinci xanım Mehriban Əliyeva dövlət başçısına təbrikində arzularını bu cür ifadə etmişdi: “Mən ona Qarabağ düyününü açmaq üçün səbr arzulayıram. Mən inanıram ki, bu yolda İlham Əliyev qələbəni əldə edəcək!”. Əslində, bütün azərbaycanlıların ortaq hiss və duyğularını ehtiva edən bu sözlər o zaman müstəqillik tariximizin ən böyük arzusu kimi səslənirdi. O vaxta qədər Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini öz layihələri ilə beynəlxalq miqyasda təbliğ edən Mehriban Əliyevanın Prezidentə ünvanladığı bu arzunun mahiyyətində hər bir fərdin, bütövlükdə xalqın müqəddəs hədəfi qərarlaşmışdı: Qarabağ mütləq işğaldan azad olunacaq!..30 illik düyün o təbrikin yazılmasından cəmi 6 il sonra açıldı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 30 ildir canımızı boğazımıza yığan işğala son qoyurdu, biz milli maraqlara söykənən dövlətçilik fəlsəfəsinin təntənəsini yaşayaraq öz hədəflərimizə qovuşurduq, Vətən bütövləşirdi, dövlətin və xalqın qələbə ruhu Azərbaycan tarixinin ən parlaq səhifələrini yazırdı. Müharibənin başlanmasından iki gün sonra Mehriban Əliyeva sosial şəbəkə paylaşımında bütün xalqın qəlbindən keçənləri bir cümlədə dəqiq ifadə etmişdi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!..”. Nəhayət, 6 il öncə birinci xanımın Prezidentə arzuladığı səbr qalib gəlmişdi və bu qələbə bizi bir xalq kimi tariximizin və taleyimizin qürurverici məqamına yüksəltmişdi – müqəddəs Qarabağ torpağına yollar açılmışdı.

İndi Qələbədən iki ilə yaxın vaxt keçir. Bu iki ildə müstəqilliyin övladlarının azad etdiyi torpaqlarda Prezident İlham Əliyevin başlatdığı quruculuq siyasətinin ən fəal iştirakçılarından biri Mehriban Əliyevadır. Onun azad olunmuş torpaqlarda həyata keçirdiyi çoxsaylı layihələr Qarabağa öz simasını, milli kimliyini qaytarır. Şuşada muğam səslənir, “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçirilir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Gövhərağa məscidini, Vaqifin məqbərəsini, onlarla digər dini-mədəni abidələri bərpa etməklə əslində, milli yaddaşı dirildir, bu torpaqlarda illərlə dağıdılan Azərbaycan izini bərpa edir, ona nəfəs verir, həyat verir. Qarabağın quruculuq kursunu onun zövqü və nəciblik prinsipləri zənginləşdirir. Mehriban Əliyevanı xalqa sevdirən həm də bu təəssübkeşliyidir, vətənpərvərliyidir, milli duyğularıdır.

2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyevanın ona qədər də, ondan sonra da əsas missiyası Prezidentin və xalqın etimadını doğrultmaq olub. Bu, onun fəaliyyətinin dəyişməz faktıdır. Bu prinsipi formalaşdıran isə xalqın ona olan sonsuz rəğbətidir. Ona görə də onun Birinci vitse-prezident təyin edilməsi ilk növbədə cəmiyyətin sosial sifarişi idi və bu təyinat Prezidentin ölkədə başlatdığı islahatlar prosesinə ən böyük tövhə idi. Çünki Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti, səriştəsi onun peşəkar imkanlarının dövlət idarəçiliyinə də tətbiqini zərurətə çevirmişdi. Vəzifəsinin ilk günlərindən o, bir daha sübut etdi ki, Azərbaycan xalqının və dövlətinin maraqlarını beynəlxalq miqyasda qoruyaraq xalqın mədəni-siyasi və tarixi-ictimai maraqlarını heç vaxt arxa plana keçirmir, parlaq dövlət xadimi kimi müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını uğurla təcəssüm etdirir. Ölkəmizin siyasi-iqtisadi, sosial-mədənitərəqqisinə öz əməyi ilə tövhə verir. O, ən çox qayğıya ehtiyacı olan insanları axtarır, onlara kömək etməyi özünün bir nömrəli borcu bilir. O, diqqətini ilk növbədə həssas təbəqəyə yönəldir, qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılmasını fəaliyyətinin prioriteti elan edir. “Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır” deyərək bu katoqriyadan olan insanlarda Vətən imanını ölməyə qoymadı, dövlətin hər zaman onların arxasında dayandığını göstərdi. Həm də təsdiqlədi ki, o, öz ölkəsini yaxşı tanıyır və Vətənə xidmət etməyin bütün meyarlarını çox gözəl bilir.

Azərbaycan xalqı bu xidmətin əhəmiyyətinə hələ Mehriban xanımın parlament fəaliyyəti dövründə də şahidlik etmişdi. Ölkəmizin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü və partiya sədrinin birinci müavini olan Mehriban Əliyeva Milli Məclisin deputatı olduğu dövrdə cəmiyyətin problemlərinə diqqətlə yanaşaraq ictimaiyyətin narahatlığına səbəb olan məsələlərin həllində hər zaman əsl vətəndaş mövqeyi sərgiləyib. Mehriban Əliyeva millət vəkili kimi öz seçicilərini heç vaxt diqqətdən kənarda qoymayıb, seçildiyi dairənin sosial problemlərinin həllində mühüm rol oynayıb. O, dəfələrlə parlamentdə əhv və amnistiya aktları ilə bağlı təşəbbüs qaldırıb, “səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik” deyərək yüzlərlə insanın yenidən azadlığa qovuşmasına vəsilə olub.
Təbii ki, xalqın məhəbbətini qazanmaq bir günün işi deyil. Mehriban xanım bu naliyyətə çatmaq üçün uzun yol qət etdi. Bu yol heç də hamar olmadı, o, çox çətinlikləri əzmlə dəf etdi. Birinci xanım adını şərəflə daşımaq, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumaq, uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətdəki problemlərin həllinə öz qətiyyəti və casarəti ilə nail olmaq əlbəttə ki, insandan böyük zəhmət və iradə tələb edir. Amma o, son dərəcə çətin və məsuliyyətli fəaliyyət sferasında özünü doğrultdu və onun uğur formulunun qayəsində duran əsas amil deyilən sözün həyatda öz təsdiqini tapmasıdır. Bu, Heydər Əliyev yoludur, bu, dövlətçilik, azərbaycançılıq yoludur ki, Mehriban Əliyeva uzun illərdir bu yolla uğurla irəliləyir.

2004-cü ildə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılmasına çox ciddi təkan verdi. O, fəaliyyətinin elə ilk dövlərində sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Ona görə də bu, Mehriban xanım üçün təkcə yüksək vəzifə borcu kimi qalmadı, özünü insani mənada daha geniş əks etdirdi. Bu fəaliyyət vətənsevərliyə, iradəyə və qüdrətə kökləndi. Heydər Əliyev Fondunun yaradılması dövlətin cəmiyyətə ünvanlanan ali məqsədlərinin reallaşdırılması yolunda tarixi naliyyətə çevrildi.
Yarandığı gündən Heydər Əliyev Fondu bütün diqqəti cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan sahələrə yönəltdi. Məqsədlər o qədər aydın və ali idi ki, qısa vaxtda Heydər Əliyev Fondu yardıma ehtiyacı duyan hər bir kəsin ümid yeri və istinadgahına çevrildi. Mehriban xanım deyir ki, “cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir”. Bu cəmiyyəti formalaşdırmaq isə gələcəyimiz olan uşaqlara diqqət və qayğıdan başladı. Mehriban Əliyeva xeyirxahlığın və mərhəmətin ilk ünvanı kimi uşaqları seçdi. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı bu kateqoriyadan olan uşaqların həyat şərtlərinin yaxşılaşdırılması, onların hər zaman diqqət və qayğı ilə əhatə olunmasına geniş imkanlar açdı. Məhz onun təşəbbüsü ilə bütün uşaq evləri və internat məktəbləri yenidən quruldu, onların maddi-texniki bazası möhkəmləndirildi, bu isə əlbəttə ki, tərbiyənin məzmununa təsirsiz qalmadı. Azərbaycanın birinci xanımı çoxdan bəri ictimai narahatlığa səbəb olan ciddi bir problemin - uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızların mənzillərlə təmin edilməsi ilə bağlı çox mühüm problemin həllinə də nail oldu. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən Mehriban Əliyeva uşaqlar üçün gördüklərini yalnız ürəyinin hökmü ilə etdi, ürəklə etdi.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də müasir tariximizin ən böyük sosial hadisələrindən biridir. Məktəb tikintisi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə dəstək verən Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycanda yüzlərlə yeni məktəblər tikildi, əsas diqqət ucqar kəndlərə yönəldildi. Bu proses yalnız ölkə daxili ilə məhdudlaşmadı, yaxın-uzaq xarici də əhatə etdi.

Mehriban Əliyevanın rəhbərlik etdiyi fond ana və uşaqların sağlamlığı ilə bağlı çoxsaylı layihələrin də müəllifidir. Səhiyyə infrastukturunun yaxşılaşdırılmasına tövhə verməklə yanaşı, "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" proqramlarını reallaşdıran Heydər Əliyev Fondu Talassemiya Mərkəzini inşa etməklə illərlə davam edən böyük narahatlığa son qoydu, sağlam genofondun qorunması yolunda olduqca mühüm missiyanı şərəflə yerinə yetirdi.
Milli-mənəvi dəyərlərimizin qorunmasında dövlət başçısının ideyelarının əsas təbliğatçısı kimi çıxış edən Mehriban Əliyeva dini ocaqların bərpasına xüsusi diqqət yetirir. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində həm islam, həm də başqa dinlərə mənsub müqəddəs ocaqların bərpası və yenidənqurulması əsrlərdir Azərbaycanda formalaşan tolerantlıq və multikulturalizm ruhuna uyğundur və bu sahədəki dövlət siyasətinə əvəzsiz tövhədir. Bu, həm də Azərbaycanın birinci xanımının mədəni irsimizə münasibətinin dinamikasını və miqyasını göstərir.

O, Azərbaycandakı idman hərəkatına da dəyərli tövhələr verir. Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban xanım 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarının və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib. İki illik qısa fasilə ilə Bakıda keçirilən və proqramı vətənpərvərlik məzmunu ilə zəngin olan bu beynəlxalq idman yarışlarıMehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətisayəsində dünyada böyük rəğbət qazanıb və keyfiyyət standartı ilə seçilib.

Mehriban Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin inkişafı xüsusi yer tutur. O, bu sahədə nəhəng layihələrin müəllifidir. O, bir vaxtlar məhv olmaq təhlükəsi yaşayan muğam sənətinə yenidən həyat verib, muğamı YUNESKO-nun "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edib, Bakıda Beynəlxalq Muğam Mərkəzi tikdirib. “Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır” deyən Mehriban Əliyeva onu da deyir ki, torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Ancaq YUNESKO-nun siyahısına düşən yalnız muğam olmadı. Milli aşıq musiqisi, Novruz bayramı, Azərbaycan xalça toxuculuğu sənəti, tar ifaçılığı sənəti, kalağayı, Lahıc misgərlik sənəti, Nar bayramı, Dədə Qorqud irsi və digər dəyərlərimizin də bu siyahıya daxil edilməsi və dünyada tanıdılması Mehriban xanımın humanist-mədəni fəaliyyətinin naliyyətləridir.
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevanın fəaliyyətinin böyük hissəsi Azərbaycan mədəniyyətinin dünyada təbliğinə həsr olunub. Onun milli mədəniyyətimizi tərənnüm edən layihələri xaricdə hər zaman maraqla qarşılanıb, bu, Azərbaycanın beynəlxalq miqyasda müsbət imicinin formalaşmasında, xalqımızın malik olduğu zəngin mədəniyyətin xarici auditoriyada dərin təəssürat yaratmasında əsl maarifçilik fəaliyyətidir ki, Mehriban xanım bu çətin işin də öhdəsindən uğurla gəldi, müasir beynəlxalq ənənəyə uyğun fəaliyyət modeli formalaşdırdı. 2012-ci ildə beynəlxalq “Avroviziya” səhnəsini Bakıda qurmaqla sübut etdi ki, xalqları bir-birinə yaxınlaşdıran ən mühüm bağlardan biri mədəniyyət və incəsənətdir.
Mehriban Əliyeva xaricdə həyata keçirdiyi uğurlu layihələri ilə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazanıb. O, Romada müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında, Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılmasında, Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Berlin qəsrinin, Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasında və bu kimi çoxsaylı layihələrin icrasında iştirak edib. Onun xidmətləri sayəsində Azərbaycan Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.

O, heç vaxt dünyanı narahat edən qlobal məsələlərə biganə qalmayıb, müxtəlif vaxtlarda Bakıda bu məsələlərin müzakirə olunduğu beynəlxalq forumların, konfransların təşəbbüskarı kimi çıxış edib, qadınların və uşaqların hüquqlarının müdafiəsində əsl fədakarlıq göstərib. Azərbaycanın birinci xanımının fəaliyyətinə olan maraq müxtəlif vaxtlarda ona təqdim edilən mükafatlarda öz əksini tapıb. Mehriban Əliyeva “Yüzilliyin mesenantları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Dünya Səhiyyə Təşkilatının mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Polşanın “Xidmətlərə görə” böyük komandar xaçı, Fransanın “Şərəf legionu”, İtaliyanın “Xidmətlərə görə” böyük xaç kavaleri, YUNESKO-nun “Qızıl Motsart” medalı və "Heydər Əliyev" ordeni ilə təltif olunub. Ancaq onun ən böyük mükafatı xalqın sonsuz məhəbbəti və sevgisidir. Bu gün bu sevginin təməlində artıq çin olan böyük Qarabağ arzusu var, onu yenidən dirçəltmək, Prezidentlə birlikdə əl-ələ verib Qarabağın tarixinə, mədəniyyətinə öz möhürünü vurmaq, şəhid ailələrini, müharibə qazilərini diqqət və qayğı ilə əhatə etmək kimi milli hədəf var və Azərbaycanın birinci xanımı bu hədəfə doğru inamla və qətiyyətlə irəliləyir.

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!” deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqına sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub. Çünki Mehriban Əliyeva həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib. O, xeyirxahlıq yolunu seçib, yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. Mehriban Əliyevanı xalqımıza ən çox sevdirən də elə bu prinsipləridir ki, onun da təməlində çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.


Şəhla Həsənova,
Zəngilan rayonu 13 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ