Sizin reklam burada
Sizin reklam burada

Humanizm prinsiplərinə sadiqlik

Humanizm prinsiplərinə sadiqlik


Xeyirxahlığı və nəcibliyi ilə xalqımızın böyük ehtiram və məhəbbətini qazanmış Mehriban Əliyeva cəmiyyətimizdə humanizm ideallarının yorulmaz müdafiəçisi və təşəbbüskarı kimi şöhrət qazanıb. 2007-ci ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı münasibətilə, 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə 28 May - Respublika Günü münasibətilə həyata keçirilmiş amnistiyalar Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb. Bu amnistiya aktlarının hazırlanması və parlamentdə qəbul edilməsi cəmiyyətimizin dərin rəğbəti ilə qarşılanıb.

Bu dörd amnistiya aktı 40 min 412 nəfərə şamil olunub. Fondun bu amnistiya təşəbbüsləri ölkəmizdə cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası baxımından, o cümlədən məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib bir amilə çevrilib. Bu təşəbbüs ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verib. Mehriban Əliyeva tərəfindən irəli sürülən bu təşəbbüslər Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi və humanizm prinsiplərinin qorunub saxlanması kimi xarakterizə edilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə elan olunan amnistiyalar minlərlə insanı azadlığa qovuşdurub, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olub, neçə-neçə ailələrə səadət, sevinc bəxş edib. Mehriban Əliyeva bildirir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, lakin cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Məhz bu siyasətin davamı nəticəsində 1995-2021-ci illər ərzində əvvəlcə Heydər Əliyev, sonra isə İlham Əliyev tərəfindən 67 əfv fərmanı və sərəncamı qəbul edilib. Bu dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunub. Həmin amnistiya qərarlarından 4-ü Mehriban Əliyevanın təşəbbusu ilə qəbul edilib.

Hələ 2009-cu ildə Novruz bayramı münasibətilə Milli Məclisə amnistiya aktının qəbul olunması təklifini təqdim edən Mehriban Əliyeva sənədin qəbulu zamanı çox dəyərli fikirlər səsləndirmişdi: “Bu bir həqiqətdir ki, Allahın insana verdiyi ömür hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə, azad yaşamağa layiqdir. Eyni zamanda hər bir insan öz ömrünün, taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı hər zaman ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib”.

Bütövlükdə, Mehriban Əliyevanın rəhbərilk etdiyi Heydər Əliyev Fondu özünün 18 illik fəaliyyəti dövründə insanpərvərlik və humanizm ideyalarını rəhbər tutaraq qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək edib. Mehriban xanımın təşəbbüsləri ilə amnistiya aktlarının qəbul olunması dövlətimizin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar isə dövlətin onlara olan inam və etibarını daim hiss edirlər və bu, onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda onlar əfv olunduqlarına, amnistiya edildiklərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən və parlament tərəfindən qəbul olunan tariximizin ən böyük amnistiya aktının icrası da deyilənləri bir daha təsdiqləyir. Məhz şanlı Qələbənin birinci ildönümünü qeyd etdiyimiz zamanda belə bir təqdirəlayiq addımın atılması Ulu Öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.

Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Fond daim himayəsində saxladığı sosial müəssisələrə də dəstək göstərdi. Mehriban Əliyevanın tapşırığına əsasən, fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar edildi.

Pandemiyanın ən ağır dövründə fond müvafiq koronavirusun aşkar edilməsi üçün laboratoriyaların fəaliyyətinin qısa müddətdə təşkilinə, eyni zamanda ölkəmizin yüksəkkeyfiyyətli testlərlə təmin olunmasına da yaxından dəstək göstərdi. Xüsusi rejimli xəstəxanalar üçün bir sıra tibbi avadanlıq və ləvazimat - həm qoruyucu vasitələr, tibbi geyimlər, həm də xəstələrin müalicəsi üçün müxtəlif dərman preparatları xaricdən alınaraq Azərbaycana gətirildi.

Həmçinin pandemiya ilə mübarizədə iştirak edən tibbi personal üçün təlim kursları təşkil edildi. Həmin personala dəstək məqsədilə Çin, İtaliya və Rusiyadan yüksəkixtisaslı həkimlər dəvət edildi, onların azərbaycanlı tibb heyəti ilə birgə çalışmaları üçün şərait yaradıldı.

Mehriban Əliyevanın təşəbbüsü ilə COVID-19 səbəbindən talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olundu. Virusa ağır dərəcədə yoluxmuş bir çox şəxslərə Mehriban Əliyevanın tapşırığına əsasən, dəstək göstərildi və onlar zəruri müalicə alaraq sağaldılar.

Mehriban Əliyeva pandemiya dövründə insanların ümid yerinə, pənahına çevrildi.

Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidentinin nəcibliyinin ali nümunələridir.


Yeganə Sadıqova,
Xətai rayonu 207 saylı Körpələr Evi-Uşaq Baxçasının müdiri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ