Sizin reklam burada
Sizin reklam burada

İran özünü quldur dövlət kimi aparır – FAKT BUDUR!

İran özünü quldur dövlət kimi aparır – FAKT BUDUR!


Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İranda diplomatik təmsilçiliyi çox məhduddur. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, yanvar ayının sonunda Azərbaycan tərəfi İrana səyahətlə bağlı xəbərdarlıq edib. Xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış olunub: “Bütün bunlara baxmayaraq, həmin hadisə – azərbaycanlı tələbənin İranda saxlanılması ilə bağlı məlumat daxil olduqdan dərhal sonra nazirlik tərəfindən İran XİN-ə nota təqdim edilib. Eyni zamanda baş konsulluğumuz fəaliyyətə keçib. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Bir neçə həftə sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin şəxs saxlanılıb. O, ittiham olunur və ona qarşı cinayət işi açılıb”. Nazir əlavə edib ki, İrandakı baş konsulluğumuzun əməkdaşları ilə tələbə arasında əlaqə var. Eyni zamanda fiziki olaraq görüşün təşkili istiqamətində iş aparılır: “Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlanılır, məsələ nəzarətimizdədir”. Qeyd edək ki, Almaniyada təhsil alan azərbaycanlı Fərid Səfərli fevralın 20-də keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. Martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonra İran hökumətinin 27 yaşlı tələbəyə “casusluq” ittihamı irəli sürdüyü və həbsə atdığı məlum olub. Tələbənin anası Dilarə Əsgərova bildirib ki, oğluna verilən ittiham əsassızdır: “İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik”.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, Fərid Səfərlinin İranda casusluqda ittiham edilərək həbs olunması bir daha molla rejiminin həqiqətən də anormal rejim olduğunu təsdiqləyir. Partiya rəhbərinin sözlərinə görə, rejim özü az qala dünyanın hər yerində, o cümlədən Azərbaycanda casus şəbəkəsini qurmağa səy göstərir. Ona görə də düşünür ki, İrana işgüzar məqsədlərlə və ya sadəcə turist kimi gələn əcnəbilərin də hamısı potensial casusdur: “Mollalar bəlkə də yuxularında yalnız ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsini, İsrailin MOSSAD-nı, İngiltərənin Mİ-5 xidmətini və Azərbaycanın DTX-sını görürlər. O səbəbdən yaramaz rejimin Təbrizə, Ərdəbilə, Tehrana və s. şəhərlərə səfər edən Azərbaycan vətəndaşlarına potensial “casus” kimi yanaşması anlaşılandır. Fərid Səfərlinin “casus” qismində həbs edilməsi də molla rejiminin xəstə təfəkküründən qaynaqlanır. Lakin molla rejiminin bu davranışları müvafiq beynəlxalq konvensiyalara, insan hüquq və azadlıqları prinsiplərinə tamamilə ziddir. İran özünü heç bir sivil qanunların işləmədiyi quldur dövlət kimi aparmamalıdır. Bu, İranın onsuz da bərbad vəziyyətdə olan beynəlxalq imicini daha aşağı salır. Total şübhə və düşmənçilik psixologiyasına söykənərək, hər kəsin simasında “casus” axtaran İranın molla rejimini Fərid Səfərlinin hüquqlarına hörmətlə yanaşmağa, onu dərhal həbsdən azad etməyə çağırırıq. Rəsmi Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, qonşuluq prinsiplərinə zidd olan məkrli əməllərinə son qoymalıdır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ