Avqustun 4-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi, mədəniyyət müəssisələrinin əməkdaşları və media nümayəndələri iştirak edib.
Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ana dilimizin inkişafı və dövlət dili kimi möhkəmlənməsi istiqamətində göstərilən tarixi xidmətlər xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətindən, Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasında mühüm rolundan bəhs olunub.
Bildirilib ki, dil mədəniyyətinin təbliği, Azərbaycan ədəbi dilinin rəsmi sənədlərdə, mediada, gündəlik ünsiyyətdə düzgün tətbiqi, bu sahədə təlim və treninqlərin təşkili xüsusi önəm daşıyır. Dilçilik elmi ilə tətbiqi təcrübənin vətəndaş məmnuniyyəti və milli-mənəvi dəyərlərin qorunması baxımından inteqrasiyası vacib amillərdən biridir.
Tədbirdə dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına dair videoçarx nümayiş etdirilib.
Tədbir çıxışlarla davam etdirilib, iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb.
