Sizin reklam burada
Sizin reklam burada

Qanımız, canımız bahasına əldə etdiyimiz müstəqilliyimizi qorumaq diləyi ilə! Müstəqillik günümüz mübarək!

Qanımız, canımız bahasına əldə etdiyimiz müstəqilliyimizi qorumaq diləyi ilə! Müstəqillik günümüz mübarək!


Azərbaycan tarixində ən mühüm günlərdən biri olan “18 Oktyabr” dövlət müstəqilliyimizin yenidən bərpa olunduğu gündür. O gün ki, biz millət olaraq azadlığımıza səs vermiş, müstəqil dövlətçiliyimizə tərəfdar çıxmışdıq, qədim ənənələrimizi, dilimizi və milli mənsubiyyətimizi diriltmək üçün mübarizə etmişdik, şəhid qanımızın, dinimiz İslamın və türk mənsubiyyətimizin simvolu olan bayrağımızı yenidən dalğalandırmışdıq. Bununla biz qalib gəldiyimizi göstərmiş və müstəqil dövlətə çevrilmişdik, dünyanın siyasi xəritəsinə Azərbaycan adlı yeni bir dövlət əlavə etmişdik. Müstəqil olmaq elə bir duyğudur ki, hər bir insan, hər bir xalq bunu dadmaq istəyir. Tarixin ən başlanğıcından bəri insanlar bunun üçün daim mübarizə aparmışlar.

Hələ 1918-ci il may ayının 28-də ilk müstəqil dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan tarixində demokratik, hüquqi və dünyəvi dövlətçiliyin təməli qoyulmuşdur. Bizlər Şərqdə ilk demokratik dövləti yaradan xalqın nümayəndələri kimi adımızı tarixə qızıl hərflərlə yazdırmış, sivil, mədəni, dünyəvi dəyərlərə sadiq qalan, insan hüquqlarının müdafiəsini özünün ali dəyərləri kimi təmin edən dövlət olduğumuzu sübut etmişdik. Ancaq təəssüf ki, əsrlər ərzində canımızı qurtara bilmədiyimiz “Rus İmperiyası” adlı bəladan qurtula bilməmiş, gənc dövlətimiz cəmi 23 ay ömür sürə bilmişdir.

Hələ 1953-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə radio vasitəsilə Azərbaycan xalqına müraciətində belə demişdir: “Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır”.

Nəhayət, 70 illik əsarətdən sonra Azərbaycan xalqı özünün ikinci və əbədi müstəqil dövlətini – Azərbaycan Respublikasını yaratdı. Hələ SSRİ-nin süqutu ərəfəsində meydanlara toplaşan milyondan artıq insan Sovet əsarətindən qurtulmaq və müstəqil dövlətçiliyimizi bərpa etmək uğrunda mübarizəyə qoşulmuşdular. Xalqımızın azadlıq uğrunda bu mübarizəsinə görə 1989-cu ildə Almaniyanın dünyaca məşhur “Spiegel” jurnalı Azərbaycan xalqını “ilin xalqı” elan etmişdi.

1991-ci ilin 18 oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə yenidən müstəqil dövlətçiliyimiz bərpa olunmuş və Azərbaycan xalqı dekabrın 29-da keçirilən ümumxalq səsverməsində yekdilliklə Konstitusiya Aktına tərəfdar olduğunu bildirmişdi. Konstitusiya Aktı müstəqil Azərbaycan dövlətini 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edirdi. Bax beləcə, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə qeyd etdiyi həqiqət yenidən parladı, müstəqillik xalqımızın ən böyük təbii sərvətinə çevrildi.

Son sözümü şairin dili ilə qeyd etmək istəyirəm, qanımız bahasına əldə etdiyimiz müstəqilliyimizi qorumaq diləyi ilə!

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!


Qanımız, canımız bahasına əldə etdiyimiz müstəqilliyimizi qorumaq diləyi ilə! Müstəqillik günümüz mübarək!


Səxavət Məmmədov,
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ