Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisə daxil olub.
Oxu.Az-ın məlumatına əsasən, hesabatda ötən il insan alveri qurbanı olanların sayı açıqlanıb.
Bildirilir ki, 2021-ci ildə 95 nəfər insan alverinin qurbanı kimi qeydə alınıb.
2021-ci ildə insan alverinin qurbanı olanlardan 5-i 18-25, 59-u 25-35, 31- i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir.
Ötən il insan alveri cinayətlərinə görə, cinayət məsuliyyətinə cəlb edilənlərin sayı isə 13 nəfər olub.
Hesabatda insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələrin də adı çəkilib.
Qurbanlardan 74-ü Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i isə Azərbaycanda istismara məruz qalıb.
Qeyd edək ki, hesabat aprelin 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.