Rusiyadan İtaliyaya getmək istəyən turistlər Şengen vizalarının gecikdirilməsindən şikayətlənirlər.
Rusiyalı Aleksandra mayın 14-də Moskvadakı Almaviva viza mərkəzinə sənədlərini təqdim edib. Onun uçuşu iyulun 19-na planlaşdırılıb. Həmin vaxt vizaların 45-60 günə verildiyi bildirilsə də, avqustun ortalarına qədər cavab ala bilməyib. Nəticədə aviabilet və otel rezervasiyaları qüvvədən düşüb. Qadın ümumilikdə 8 min avro itirdiyini deyib.
Digər rusiyalı Lyudmila isə mayın 27-də İtaliya vizası üçün müraciət edib. Onun iyulun 27-nə planlaşdırılan səfəri vizanın gecikməsi səbəbindən baş tutmayıb. Lyudmila sənədlərinin araşdırıldığını bildirsə də, pasportunun hələ də geri qaytarılmadığını və vizanın verilib-verilməyəcəyini bilmədiyini söyləyib.
Rusiyalı turistlər Moskvadakı viza mərkəzlərində boş yerlərin azlığından və vasitəçilərin xidmətlərindən də narazıdırlar. Onların iddiasına görə, viza üçün növbə əldə etmək 10-20 min rubla başa gəlir.
Qeyd edək ki, daha əvvəl Türkiyə Hava Yolları Şengen vizası olan rusiyalı sərnişini İtaliyaya uçuşa buraxmayıb. Buna səbəb vizanın EES sisteminə yüklənməməsi olub.
