Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətdə ciddi kadr dəyişiklikləri etməyi nəzərdən keçirdiyi bildirilir.
“Gazete Pencere”nin məlumatına görə, dəyişikliklər çərçivəsində sənaye və texnologiyalar naziri Mehmet Fatih Kaçır vəzifəsini itirə bilər.
Buna səbəb Çinin BYD şirkətinin Manisa vilayətində 1 milyard dollarlıq elektrik və hibrid avtomobil zavodunun tikintisini dayandırması göstərilir. Kaçırın yerinə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün gətirilə bilər.
Nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunun da vəzifəsindən gedə biləcəyi iddia olunur. Buna səbəb İstanbul boğazına alternativ olaraq planlaşdırılan, dəyəri 20 milyard dollar olan “Kanal İstanbul” layihəsinin maliyyə çatışmazlığı səbəbindən faktiki olaraq dondurulmasıdır.
Məlumata görə, Uraloğlunun yerinə hazırkı ekologiya naziri Murat Kurumun gətirilməsi gündəmdədir.
Bundan başqa, ticarət naziri Ömər Bolat və gənclər və idman naziri Osman Aşkın Bakın da vəzifələrindən azad edilə biləcəyi bildirilir. Onların dəyişdirilməsinin səbəbləri açıqlanmayıb.
