Son dövrlərdə Xəzər dənizinin səviyyəsinin azalması region üçün aktual ekoloji və iqtisadi problemlərdən birinə çevrilib. Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən bu məsələyə bir daha toxundu. Dövlət başçısı Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərinin araşdırılmasının və problemin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğuladı.
Xəzər dənizinin qurumasının qarşısını almaq və ya bu prosesi yavaşlatmaq üçün Azərbaycan və digər Xəzəryanı dövlətlər hansı təcili tədbirləri görməlidirlər?
Ekoloq Rövşən Abbasov bildirdi ki, Xəzər dənizinin səviyyə problemləri ötən əsr ərzində həm elmi tədqiqatların, həm də alimlərin əsas maraq mövzularından biri olub.
Onun sözlərinə görə, hazırda alimlər Xəzərin səviyyəsinə təsir edən amilləri iqlim və antropogen amillər olmaqla iki böyük qrupa ayırırlar:
“İqlim dəyişiklikləri həm Xəzərdə buxarlanmanı artırır, həm də ora tökülən çayların su həcmini azaldır. Bu da, əlbəttə ki, Xəzərin səviyyəsinə birbaşa təsir göstərir. Lakin Xəzərin qapalı su hövzəsi olduğunu unutmamalıyıq. Onu qidalandıran əsas mənbələr çay sularıdır. Bu suların kifayət qədər azalması çox ciddi nəticələrə səbəb ola bilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Xəzərin səviyyəsinin azalmasını yalnız iqlim amilləri ilə əlaqələndirmək düzgün deyil. Xəzərə tökülən çayların suyu da azalır. Bu çaylar əsasən Rusiya və Qazaxıstan ərazilərindən gəlir. Xüsusilə Volqa çayı Xəzərə daxil olan suyun təxminən 80-81 faizini təmin edir.
Volqa çayı üzərində su anbarlarının tikilməsi və su götürülməsi nəticəsində çayın su həcminin azalması Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olan amillərdəndir. Bu prosesin təsirləri çox ciddidir. Gəmiçilik və nəqliyyat sektorlarında ciddi problemlər müşahidə olunur. Xəzərin bioloji ehtiyatlarına və ekosisteminə böyük ziyan dəyir. Turizm sektoru da bu prosesdən təsirlənir. Bütün bunlar Xəzərin səviyyəsinin aşağı düşməsinin ciddi nəticələrə səbəb olduğunu göstərir”.
Ekoloq Xəzər dənizinin səviyyəsinin azalmasının qarşısını almaq yollarından da danışdı:
“Bu problemin qarşısını almağın əsas yollarından biri Xəzərə tökülən çayların su ehtiyatlarını qorumaq və su balansını bərpa etməkdir. Daxil olan suyun həcmi artırılmalıdır ki, su balansı bərpa olunsun. Bu, Xəzərin səviyyəsinin yenidən yüksəlməsinə kömək edə bilər. Lakin bunu söyləmək asan, reallaşdırmaq isə çətindir.
Bunun üçün ilk növbədə çaylardan götürülən suyun miqdarını azaltmaq lazımdır. Sənayedə, məişətdə və kənd təsərrüfatında istifadə olunan suyun həcmi optimallaşdırılmalı, suya qənaət edilməli və israfın qarşısı alınmalıdır. Xüsusilə Volqa, Ural və Kür çaylarının hövzələri ilə bağlı bu məsələlərin həlli böyük əhəmiyyət daşıyır”.

