Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin açılacağını, həmçinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpa ediləcəyini açıqlayıb.
Paşinyan bunu oktyabrın 6-da İrəvanda keçirilən Ermənistan-Britaniya biznes forumunda deyib.
Onun sözlərinə görə, proses TRIPP layihəsinin inkişafı ilə paralel həyata keçiriləcək.
Paşinyan bildirib ki, layihə çərçivəsində Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin yaradılması da nəzərdə tutulur.
Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsi çərçivəsində Şimal-Cənub avtomobil yolunun tikintisi də davam edir. Baş nazir Şərq-Qərb istiqamətində avtomobil və dəmir yolu əlaqələrinin yaradılmasının planlaşdırıldığını bildirib.
Paşinyan əlavə edib ki, neft və qaz kəmərlərinin, elektrik xətlərinin, həmçinin kommunikasiya kabellərinin çəkilməsi imkanları da müzakirə olunur.

