İran və ABŞ-ın Pakistanın paytaxtı İslamabaddakı danışıqları daha bir gün uzadıla bilər.
Bu barədə İranın "Tasnim" agentliyinin "Telegram" kanalında məlumat yayımlanıb.
"İlkin müzakirələr və məsləhətləşmələrdən sonra İran və Amerika nümayəndə heyətləri arasındakı danışıqlar ümumi məsələlərdən bir sıra mövzular üzrə ətraflı və texniki müzakirələrə keçib", - məlumatda deyilir:
Agentliy qeyd edib ki, danışıqların bir gün davam etməsi planlaşdırılsa da, ekspert müzakirələrini davam etdirmək üçün prosesin daha bir gün uzadılması ehtimalı var. Lakin bu məlumat hələlik rəsmən təsdiqlənməyib.
Bundan əvvəl məlum olmuşdu ki, İran pakistanlı vasitəçilərlə görüş zamanı ABŞ ilə danışıqlarda öz "qırmızı xətlərinin" siyahısını təqdim edib. Bura ölkənin Hörmüz boğazı üzərində suveren nəzarəti, hərbi təzminatların alınması, İranın dondurulmuş aktivlərinin açılması, eləcə də Vaşinqtonla danışıqlar gedişində bütün regionda davamlı və hərtərəfli atəşkəsə nail olunması daxildir. Tehran rəhbərliyi yekun razılaşma imzalanana qədər bütün bu "qırmızı xətlərin" yerinə yetirilməsində israr edir.

