Sizin reklam burada
Sizin reklam burada

44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq

44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq

Qəhrəmanlıq haqqında belə bir deyim var: “Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur”. Bu baxımdan 2020-ci ildə, 44 günlük müharibədə Azərbaycanın növbəti qəhrəmanları doğuldular.

Məhz onların sayəsində vətən savaşında Qarabağın qara buludlara bürünmüş səmaları aydınlaşdı, bulanıq suları duruldu. Əslində, bu savaş səmalara aydınlıq, sulara duruluq gətirməklə yanaşı, eyni zamanda bir çox mətləblərə də işıq saldı. Bu işığın altında kimliyimiz dünyadan daha aydın göründü və beynəlxalq aləmə Azərbaycan həqiqətləri daha qabarıq şəkildə çatdı.

Təbii ki, bu həqiqətlərdən birincisi tərəflərin hərbi müstəvidə nəyə, hansı gücə və potensiala malik olduğu ilə bağlıdır. 44 günlük müharibə Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Bununla yanaşı, bu orduda şəxsi heyətin mənəvi-psixoloji problemləri, peşəkarlıq baxımından hətta ibtidai hərbi biliklərə malik olmamaları da aşkar göründü. Ən nəhayət, illər boyu Ermənistan iqtidarı tərəfindən sadə xalqın beyninə yeridilən “qalib ordu” imicini, “güclü ordu” mifini Azərbaycan ordusu darmadağın edərək real səhnəni çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirdi.

44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını yəqin ki, o qədər də geniş şərh etməyə ehtiyac yoxdur. Yüksək peşəkarlıq, ciddi nizam-intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və ruh yüksəkliyi, sağlam zabit-əsgər münasibəti, əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə yaza bilərik.

Sözsüz ki, ordu quruculuğu işində bu inkişaf illərin bəhrəsi, dövlətimizin ordumuza diqqət və qayğısının nəticəsi idi. Müharibə o həqiqəti də üzə çıxartdı ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan öz ordusunun qüdrətlənməsi üçün kifayət qədər imkanlara malikdir və bu imkanlar vaxtında səmərəli şəkildə Silahlı Qüvvələrimizin inkişafına yönləndirilib.

44 günlük müharibədə üzə çıxan həqiqətlərdən biri də, daha dəqiq ifadə etsək, media müstəvisində gedən mübarizədə Azərbaycanın qələbəsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı müharibənin idarə olunmasında olduğu kimi, mediada da peşəkar gedişlər edərək dünyanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan həqiqətlərini üzə çıxarmağı bacardı. Prezidentin dərin məntiqə söykənən təhlili, həmçinin hadisələrin gedişi, müharibənin başlama şərtləri ilə bağlı müfəssəl, konkret faktlarla məlumatları informasiya cəbhəsində üstünlüyü Azərbaycan müstəvisinə keçirdi.

Bununla yanaşı, 44 günlük müharibə ərəfəsində Azərbaycanın media qurumları cəbhədə baş verənlər haqqında ictimaiyyəti məlumatlandırmaq kimi missiyanı peşəkarlıqla həyata keçirdi. Hərbi sirlərin qorunması şərtilə təmas xəttindəki əməliyyatlar əhalinin diqqətinə catdırıldı. Bütövlükdə Azərbaycan mediası öz fəaliyyətini müharibə dövrünə uyğun qura bildi. Burada Müdafiə Nazirliyinin Mətbuat xidməti ilə kütləvi informasiya vasitələrinin sıx işgüzar əlaqələrini xüsusilə vurğulamaq lazımdır.

44 günlük müharibə haqqında bundan sonra hələ neçə-neçə kitablar yazılacaq, filmlər çəkiləcək, səlnaməçilər bu müharibənin ən kiçk detallarını belə şərəf və qürur tariximizə həkk edəcəklər.

Ümumilikdə isə 44 günlük müharibə Azərbaycan tarixinə zəfər müharibəsi kimi düşdü və bu müharibənin yekun nəticəsi isə əbədi olaraq iki sözlə yadda qalacaq – Qarabağ Azərbaycandır!


Taleh Salehov,
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ