Sizin reklam burada
Sizin reklam burada

Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı

Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.

Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. . Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.

Vətən müharibəsinin təfərrüatlarına hələ tam aydınlıq gəlməyib. Amma indidən əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü acınacaqlı vəziyyəti belə təsvir edirdi: Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yolboyu hərbi geyimlərini çıxarıb ataraq dağdan enirlər. Təcili yardım maşınları aramsız olaraq gedib-gəlir. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur. “Le Monde” nəşrinin həmin günlərdə yaydığı başqa bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi. 11 dekabrda Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub. Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb. Nəticədə Azərbaycan ordusunun bir hərbçisi yaralanıb.

Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Qarabağda atəşkəsə türk əsgəri də nəzarət edəcək. Ankaradan ən yüksək səviyyədə mesajlar gəlməkdə davam edir: biz Azərbaycanın yanında olmağa davam edəcəyik. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza göz dağıdır. Bu gün 30 il davam edən status-kvo da yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb.

Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.

Səxavət Səlimov,
Azərenerji ASC-nin Avtonəqliyyat İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ