Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu dekabrın 14-də Kürdəmir şəhərində gerçəkləşib.
Qəbuldan öncə nazir Adil Kərimli və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Göyçay rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətləri dinlənilib.
Vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qeyd edək ki, qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlər diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.
#MədəniyyətNazirliyi #mədəniyyət