Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib.
Gəncə Dövlət Milli Dram Teatrının inzibati binasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər İdarəsinin müdiri Elşən Hüseynov, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva, Gəncə Dövlət Regional Kollecinin müdiri Nigar Səfixanova, həmçinin bölgədə fəaliyyət göstərən çoxsaylı müəllimlər və təhsil işçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə giriş sözü ilə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov qonaqları salamlayaraq bütün pedaqoji kollektivi peşə bayramı münasibətilə təbrik edib. İdarə müdiri dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, regionda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatları vurğulayıb. O, gənc nəslin formalaşmasında fədakar müəllimlərin əvəzsiz rolu olduğunu bildirib.
Daha sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müəllimləri təbrik edərək, cəmiyyətin inkişafında ziyalıların rolunu yüksək qiymətləndirib. Şəhər rəhbəri müəllim əməyinin hər zaman uca tutulduğunu və dövlətin hər bir təhsil işçisinin rifahının yaxşılaşdırılmasını prioritet istiqamət kimi saxladığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasında ziyalıların rolunun böyük olduğunu vurğulayıb. O, ölkədə güclü təhsil infrastrukturunun qurulduğunu bildirərək pedaqoji kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova çıxış edərək təhsil işçilərinin hüquq və mənafelərinin qorunmasının, həmçinin onların sosial rifahının diqqətdə saxlanılması istiqamətində görülən işlərdən danışıb. O, müəllimlərin peşə fəaliyyətində göstərdikləri fədakarlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edərək kollektivi təbrik edib.
Rəsmi hissədə regional təhsil sisteminə yeni qoşulan və sertifikasiya prosesində yüksək nəticə göstərən gənc müəllimlər də çıxış ediblər. Onlar yaradılan müasir iş şəraitinə, göstərilən dövlət qayğısına və gənc pedaqoqlara verilən böyük etimada görə təşəkkürlərini bildiriblər.
Rəsmi çıxışlardan sonra Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə fərqləndiyinə görə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuş təhsil işçiləri tədbir iştirakçılarına təqdim edilib.
Tədbirin davamında müəllimlik peşəsinin müqəddəsliyini və fədakarlığını özündə əks etdirən "Bir müəllim ömrü" adlı videoçarx nümayiş olunub.
Şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov çıxış edərək şəhid atasının qürurunu və keçdiyi həyat yolunu bölüşüb, müəllimləri peşə bayramı münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib, təhsil sahəsində göstərdikləri fədakar əməyə görə onlara təşəkkürünü bildirib və fəaliyyətlərində uğurlar arzulayıb.
Bədii hissə ilə davam edən proqram çərçivəsində Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar nümayiş olunub. Həmçinin "Xəmsə" instrumental rəqs qrupunun təqdimatında çıxışlar tədbirə əlavə rəng qatıb.
Tədbirin davamında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təltif olunan bir qrup təhsil işçisinə mükafatlar təqdim edilib.
