Sizin reklam burada
Sizin reklam burada

Qum, günəş və uşaqlar - Pediatr xəbərdarlıq etdi

Qum, günəş və uşaqlar - Pediatr xəbərdarlıq etdi


"Qumla oynamaq uşaqlar üçün çox faydalı məşğuliyyətdir. Bu zaman onların xırda motorikası inkişaf edir. Lakin bəzi qaydalara riayət etmək lazımdır".

Bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova deyib.

"Əgər uşağınız qumla oynamaq istəyirsə, ilk növbədə həmin ərazini nəzərdən keçirin. Orada siqaret və şüşə qalıqları, qida tullantıları, eləcə də heyvanların bioloji ifrazatlarının qalıqları olmamalıdır. Belə tullantılar varsa, ərazi təmizləndikdən sonra uşağın qumla oynamasına icazə verilməlidir".

Pediatr qeyd edib ki, uşaq dənizdə və ya hovuzda çimdikdən sonra çimərlik geyimi dəyişdirilməlidir. Yaş çimərlik geyimi ilə qumun üzərində oturmaq məsləhət görülmür. Xüsusilə qız uşaqlarında sidik yollarının anatomik xüsusiyyətlərinə görə infeksiyalaşma riski daha yüksək ola bilər:

"Bundan əlavə, uşağın çirkli əllərini ağzına, gözlərinə və qulaqlarına aparmasına imkan verməmək lazımdır. Qumla oynadıqdan sonra uşağın əlləri təmiz su ilə yuyulmalıdır".

Pediatr uşaqların günəş altında uzun müddət qalmasının günvurma riskini artırdığını deyib. Onun sözlərinə görə, günvurma zamanı başgicəllənmə, baş ağrısı, halsızlıq, bədən hərarətinin yüksəlməsi, həddindən artıq tərləmə və ağır hallarda huşun itirilməsi müşahidə oluna bilər:

"Uşaq suallara cavab verə bilmir, adını deyə bilmir və hətta saymaqda çətinlik çəkirsə, bu, ağır vəziyyətin göstəricisi ola bilər. Belə halda uşağı kölgəyə deyil, mümkün qədər sərin, kondisioner işləyən bir yerə aparmaq lazımdır. Üzərindəki paltarlar çıxarılmalı, bədəni sərin su ilə silinməlidir. Əgər uşağın huşu yerindədirsə, ona sərin su içirmək olar. Əgər huşu aydın deyilsə, qətiyyən ağızdan maye və ya dərman vermək olmaz. Əks halda aspirasiya riski yarana bilər".

Həkim uşaqların günəş altında qalması üçün konkret "maksimum müddət" olmadığını bildirib. Onun sözlərinə görə, əsas məsələ günəşin hansı saatlarda daha təhlükəli olduğunu nəzərə almaqdır:

"Uşaqlar səhər saat 10-11-ə qədər, axşam isə saat 17:00-dan sonra günəşdə ola bilərlər. Saat 10-11-dən 17:00-a qədər ultrabənövşəyi indeks yüksək olur və dəriyə mənfi təsir göstərə bilər. Hətta səhər və axşam saatlarında da uşağın başında papaq olmalıdır. Telefonlarda ultrabənövşəyi indeks göstəricilərini izləmək mümkündür. İndeksin yüksək olduğunu gördükdə uşağı günəşdən uzaqlaşdırmaq lazımdır".

  • Sosial şəbəkədə paylaş