"Yay aylarında uşaqlarda iştahanın azalması yüksək temperaturla əlaqəli ola bilər".
Bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova deyib.
"Yay aylarında ətraf mühit çox isti olduqda mədə-bağırsaq traktında şirələrin ifrazı azala bilər və nəticədə iştah da aşağı düşə bilər. Ona görə otaqda temperaturu normada saxlamaq vacibdir".
Qeyd edib ki, yay aylarında uşaqlar kifayət qədər maye qəbul etməlidirlər. Lakin valideynlər bol maye dedikdə meyvə şirələri və paketlənmiş içkilərdən istifadə etməməlidirlər. Belə içkilərdə qlükoza və fruktozanın miqdarı yüksək ola bilər:
"Buna görə uşaqlara əsasən təmiz su verilməsi məsləhətdir. Qidalanma isə balanslı olmalıdır. Karbohidrat, zülal və yağlar uşağın qida rasionunda əvvəlki kimi tam şəkildə yer almalıdır. Yay aylarında uşaqların fiziki aktivliyi arta bilər. Buna görə də xüsusilə maye qəbuluna diqqət yetirmək lazımdır".
Pediatr bildirib ki, yay aylarında uşaqların qidalanmasında ən çox yol verilən səhvlərdən biri meyvə şirələrindən həddindən artıq istifadədir:
"Yay aylarında adi sudan başqa meyvə şirələrindən həddindən artıq istifadə edilir. Çalışın, uşağın əsas maye mənbəyi təmiz su olsun. Bunu təkrar etsək də, çox vacib məqamdır".
R.Nemətova qeyd edib ki, səyahət zamanı, xüsusilə ekzotik ölkələrə gedərkən valideynlər həmin ölkənin ekzotik məhsullarını dadmaq istəyə bilərlər:
"Amma çalışmaq lazımdır ki, bunu uşaqlara etdirməyək. Çünki uşağın mədə-bağırsaq sistemi bu məhsullara hazır olmaya bilər. Nəticədə müxtəlif allergik reaksiyalar, hətta mədə-bağırsaq pozuntuları və zəhərlənmələr yarana bilər. Ona görə də ekzotik ölkələrə səyahət zamanı uşaqlara bizim milli mətbəximizə və onların öyrəşdiyi qidalara daha yaxın məhsullar vermək məsləhətdir".

