Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət büdcəsindən və muxtar respublika büdcəsindən ümumilikdə 258 milyon manat vəsait ayrılır.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, ayrılan vəsait 2026–2027-ci illərdə alternatif və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə mənzil fondunun və sosial müəssisələrin əsaslı təmiri istiqamətində aşağıdakı kimi bölünüb:
Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün "Azərenerji" ASC-yə 66 milyon manat;
156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat;
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat;
Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində 92 yaşayış binasının tam, 70 yaşayış binasının isə fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15 milyon manat;
Naxçıvan, Ordubad, Şərur, Culfa və Kəngərli rayonlarında ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20 milyon manat;
Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat;
Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat.
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
