Sizin reklam burada
Sizin reklam burada

18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür

18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür



















Səfər Əlirzayev
İş adamı-Xeyriyəçi


18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür
Müstəqilliyimiz əbədidir və dönməzdir!

Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. İstiqlaliyyət günümüzün ölkəmizdə hər il təntənəli şəkildə bayram edilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet İmperiyasının dağılması azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycanın istiqlaliyyəti barədə qəbul edilmiş Konstutusiya Aktına əsasən həmin tarixdən başlayaraq 30 ildir ki, 18 oktyabr -- Müstəqillik Günü kimi qeyd edilir.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük sevinc hissi ilə qarşılansa da, sonrakı dövrdə baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını şübhə altına almışdı. 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidarlar Azərbaycanı dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına imkan yaratdılar. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin itirilməsini qaçılmaz edirdi.

Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi rəhbərinin hakimiyyətə dönüşü ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsi sovuşdu.

1993-cü ilin iyununda parlamentin sədri, oktyabrında isə ölkə Prezidenti seçilən Heydər Əliyev tezliklə ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi.

Qeyd etmək istəyirəm ki, bu gün Şuşada, Zəngilanda, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır. Cənab Ali Baş Komandanımız və qüdrətli ordumuz sayəsində bu gün Müstəqillik bayramımızı böyük fəxr hissi ilə qeyd edə bilirik! Yaşa, yaşa çox yaşa! Ey şanlı Azərbaycan!

  • Sosial şəbəkədə paylaş