Sizin reklam burada
Sizin reklam burada

"Azərbaycan tarixində iz qoyan laçınlı ziyalılar"

"Azərbaycan tarixində iz qoyan laçınlı ziyalılar"


Füsunkar təbiətə malik Laçın rayonu inzibati ərazisi, Azərbaycanın cənub qərbində,dağlıq ərazidə yerləşir.Şimaldan Kəlbəcər,Şərqdən Xocalı,Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə,qərbdən isə Ermənistan ilə həmsərhəddir. 8 avqust 1930-cu ildə yaradılan Laçın rayonu ərazisində eramızdan əvvəl 1-ci,2-ci minilliyə təsadüf edən tarixi abidələr mövcuddur.
1905-1907 və 1914-1920-ci illərdə,Laçın rayonunun da daxil olduğu Zəngəzur mahalında silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur. Tayqulaq Andronikin onminlik dəstəsinə qarşı Xosrov bəy və Sultan bəy Sultanov qardaşları partizan hərəkatı təşkil edərək,eməniləri Qanlı dərə deyilən ərazidə darmadağın edirlər.
1992-ci il may ayının 18-də qeyri-bərabər döyüşlərdə qəhrəmanlıqla vuruşan Laçınlılar, yüzlərlə şəhid verərək geri çəkilməli oldular. Laçın Ermənistan ordusu tərəfindən işğal olundu.
Laçın rayonunun ziyalıları, məcburi köçkün həyatı yaşasalar da, Azərbaycan elminə öz töhfələrini verməkdə davam edirlər. Laçın ziyalılarından 2 nəfəri akademik, 9 nəfəri elmlər doktoru və 63 nəfəri elmlər namizədi kimi yüksək elmi dərəcələrə layiq görülmüşlər.
Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan Müseyib İlyasov tarixə adını qızıl hərflərlə yazdıran ziyalılarımazdandır. Müseyib İlyasov Seyid Əzim Şirvaninin nəvəsi olan Mir Fazilin müdir olduğu məktəbə müəllim təyin edilmiş və 1920-ci ilədək Bakıda, Qubada müəllim işləmişdir. 1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının--dərilmüllimin yaradıcılarından olmuşdur. 1925-ci ildə isə həmin Seminariyanın direktoru olmuşdur. Müseyib müəllim 1925-1931-ci illərdə Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. O,1926-cı ildə Bakıda çağrılan Türkoloji qurultayın iştirakçısı olmuşdur. Müseyib İlyasov Xalq Maarif şöbəsinə rəhbərlik etdiyi illərdə Laçın şəhərində, Şamkənd, Vağazin, Qorçu, Kürdhacı, Hoçaz və onlarla digər kəndlərdə məktəblər açmış və bu məktəblərin istifadəyə verilməsində şəxsən iştirak etmişdir. Həmçinin o, Azərbaycan Pedoqoji İnstitutunun rus dili kafedrasında asisstent kimi də fəaliyyət göstərmişdir.
İqtisad elmləri doktoru, professor Tofiq Həsən oğlu Hüseynov 1937-ci ildə Laçın rayonunun Şəlvə kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirən Tofiq müəllim keçmiş SSRİ-nin evtikmə sənayesində araşdırmaların və tədqiqatların müəllifidir. Azərbaycan Respublikasında investisiyalın iqtisadi və sosial səmərəliliyinin yüksəldilməsi istiqamətləri mövzusunda elmi əsərin müəllifidir. Yorulmaz elmi fəaliyyətinə görə Tofiq müəllim "Fədakar əməyə görə", "Əmək veteranı" medalları ilə və Azərbaycan Respublikasının "Əməkdar İqtisadçısı" fəxri adı ilə təktif olunmuşdur.
İqtisad elmləri doktoru,professor Şahbaz Musa oğlu Muradov 1940-cı ildə dağlar qoynunda, Laçın rayonunun Xumarta kəndində doğulmuşdur. Əhalinin məşğulluğu, kənd təsərrüfatında müasir mexanizasiyanın tətbiqi, əhalinin miqrasiyası,elmi-texniki tərəqqinin sosial iqtisadi inkişafa təsiri barədə xeyli elmi tədqiqatların və dissertasiyaların müəllifi olan Şahbaz müəllum pedoğoji fəaliyyətində də xeyli nailiyyətlər əldə etmişdir. Şöhrət ordeni,Əməkdar elm xadimi və Əmək veteranı mükafatları ilə təltif olunmuşdur.
Laçın həsrəti ilə qovrulan ziyalılarımız elmdə nailiyyətləri ilə az da olsa təsəlli tapırlar. Riyaziyyat və mexanika İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, akademik Məhəmməd Fərman oğlu Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsini bitirərək, təyinatla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə namizədlik və 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1991-2002-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasınım professoru olmuşdur. Akademikin rəhbərliyi ilə 20 elmlər namizədi,2 elmlər doktoru hazırlanmışdır.2009-cu ildə Əməkdar Elm Xadimi fəxri adı ilə təltif edilmişdir.
Riyaziyyat elmləri doktoru, professor Knyaz Şiraslan oğlu Məmmədov 1950-ci ildə rayonun Alxaslı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin professoru kimi elmi fəaliyyət göstərən Knyaz müəllimin elmi araşdırmaları bir sıra qərb Universitetlərində də təşəkkül tapmışdır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Rafael qızı Ağayeva 1977-ci ildə Laçında anadan olmuşdur.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra elmi fəaliyyətə hal hazırda da çalışdığı AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda başlamışdır. Teatr sənətinin və ölməz şairimiz Bəxtiyar Vahabzadə irsinin mahir tədqiqatçısı olan Məlahət müəllumə bir sıra araşdırmaların müəllifidir.
Əslən Laçın rayonundan olan ziyalılardan həmçinin aşağıdakıların da adlarını fəxarətlə qeyd edə bilərik: Xanlar Məmmədov, Moldova Azərbaycanlılar Konqresinin sədri, hüquq elmləri doktoru Vüqar Novruzov, Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri olmuş,Qarabağ General Qubernatoru, həkim Xosrov bəy Sultanov, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Zöhrab Qarayev.
Adlarını qeyd etdiyimiz və qeyd edə bilmədimiz, dağ vüqarlı ziyalılarımız, minlərlə digər Laçınlılar kimi 28 ildir ki, Azərbaycanın dilbər guşələrindən olan Laçın həsrəti ilə yaşayırlar.Amma inanırıq ki, artıq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə çox yaxındadır, biz tezliklə o torpaqlarda görüşəcəyik.

ADPU-nun Quba filialının Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Vüsalə Kərimova

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ