25 fevral 2026-cı il tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində 26 fevral – Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir xalqımızın qan yaddaşında silinməz iz buraxmış bu dəhşətli hadisənin qurbanlarının xatirəsini yad etmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və vətənpərvərlik ruhunu daha da gücləndirmək məqsədi daşıyırdı.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin rəhbərliyi və müəllim heyəti çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixində ən ağrılı səhifələrdən biri olduğunu vurğulamış, bu hadisənin unudulmamasının və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd etmişlər.
Tədbirdə məktəbin kollektivi, kənd sakinləri, şəhid və qazi ailələri iştirak etmişdir. Çıxış edənlər Xocalı həqiqətlərinin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirmiş, şəhid ailələrinə dərin ehtiram və minnətdarlıqlarını ifadə etmişlər.
Anım mərasimində məktəbin şagirdlərinin ifasında hazırlanmış bədii kompozisiya nümayiş olunmuşdur. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirmiş, səhnəciklər və ədəbi-bədii nümunələrlə həmin gecənin dəhşətlərini təsvir etmişlər. Musiqi nömrələri və vətənpərvərlik ruhunda səsləndirilən mahnılar tədbir iştirakçılarına duyğulu anlar yaşatmışdır.
Tədbirin sonunda bir daha vurğulanmışdır ki, Xocalı faciəsi xalqımızın qan yaddaşıdır və bu tarix heç vaxt unudulmayacaq. Gənc nəslin milli ruhda tərbiyə olunması, vətənə sevgi və torpağa bağlılıq hissinin aşılanması bu cür tədbirlərin əsas məqsədidir.
