Sizin reklam burada
Sizin reklam burada

Xocalı faciəsi -unutmayacağımız qan yaddaşımız!

Xocalı faciəsi -unutmayacağımız qan yaddaşımız!

İnsanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olan o gecədə Xocalı şəhid şəhər statusunu aldı. Bu, Ermənistanın ölkəmizə hərbi təcavüzünün kuliminasiya nöqtəsi idi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə qarşı amansız qəddarlıqla divan tutdu. Bu qanlı qətliamdan geriyə qalan isə bu acı tablodur: 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. Şəhər yerlə-yeksan edildi. Həmin gecə 487 nəfər Xocalı sakini yaralanıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq öldürülüb.

Bu qanlı hadisələrdən 34 il ötsə də, faciənin dəhşətləri unudulmayıb. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri soyqırımına öz münasibətlərini bildirir və Xocalı qətliamını kəskin pisləyən bəyanatlar verirlər. Çünki azərbaycanlılara, bütünlükdə türk millətinə qarşı düşmən mövqeyindən çəkinməyən ermənilərin Xocalıda törətdiyi qətliam yalnız Azərbaycan xalqına, türk millətinə qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli idi. Azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu qətliamı törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyətini güdürdü. Amma düşmən bu niyyətinə çata bilmədi. Xalqın mübarizə əzmi heç bir zaman qırılmadı, Xocalının qisasının bir gün mütləq alınacağına hər kəs inandı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində əldə olunan şanlı Qələbə ilə işğal altında olan torpaqlarımız azadlığa qovuşdu və Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. Vətən savaşında cəsur Azərbaycan oğulları Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadı.

“Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”, - deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi bu fikirlər Vətən savaşında Azərbaycan əsgərinin 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin, o cümlədən də Xocalı soyqırımı qurbanlarının intiqamını aldığını bir daha təsdiq edir.


Hatəm İbrahimov,
Xeyriyyəçi- İş adamı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ