
Ağır təbiətli, sakit, kövrək adamdır. İnsana yad olan mənfi xüsusiyyətlər ona da yaddır. Hər kəsə eyni sevgi bəsləməyə çalışır, çətin anlarda belə xoş hisslərə, ümidlərə qapılmağı üstün tutur. Özünü unudub ehtiyacı olana təskinlik verir. Cibinin son manatını səninlə bölməyə hazırdır.
Sevdiyi peşəsinə məsuliyyətlə yanaşıb. Çünki bu sənətin nə qədər önəmli olduğunu, özünün isə bu sənət içrə nə qədər kiçik olduğunu başa düşüb. Bu dahiyanə anlam onu hörmətli edib, özünəməxsus yaradıcılıq üslubu ilə seçilən tanınmış yazıçı-publisist pilləsinə yüksəldib. Bu xüsusiyyətlər 70 illik ömür yolunda onunla yoldaş olub.
Məndən 10 yaş böyük olsa da, sanki həmyaşıq, fikir bölüşəndə həmyaşıd kimi mənimlə davranır. Bəlkə də onu 10, 20 il bundan əvvəl yox, elə dünyaya göz açdığı Mollaisaqlı kəndində məskunlaşdığı dövrdən – 20 may 1955-ci ildən tanısaydım, bu dostluq, qardaşlıq telləri daha sıx, möhkəm olardı. Elə indi də biz birik, bütün tədbirlərdə yanaşı otururuq. Onunla həmfikir, həm də həmkar olduğuma görə iftixar hissi keçirirəm. Biz iş yoldaşı deyilik, amma yerliyik, həmfikirik, dostuq. Hətta isti münasibətimiz o dərəcəyə çatıb ki, hansısa tədbirdə qarşılıqlı olaraq bir-birimizi görməyəndə narahat oluruq.
“Köz”də Qorxmaz Şıxalıoğlunun özü
Sonuncu kitabı olan “Köz”dən əxz etdiklərimi oxucularımızla bölüşmək istəyirəm. Məlum olur ki, onun sənədində yazılan bu tarix (1955-ci il) kəndlərinin yaddaşında hansısa bir hadisə ilə ilişib qalıb. Məsələn, sel, tufan, çəyirtkə yağışı, kəndə qorxa-qorxa ayaq açan silindrlər (şlyapalar), taxıl bolluğu, uğultusu dərə-təpəni titrədən ZİL-in arxasınca qaçan uşaqların hay-küyü, aşıq Şakirin apardığı toy... və başqa-başqa ağlı-qaralı hadisələrlə. Ona görə də elə düşünməyin ki, bu “1955” elə-belə rəqəmdir. İndi də bu işıqlı mayın şəfəqləri arasından o həmin “1955”ə, ürəyindən istisi əskilməyən balaca kəndlərinə boylanır. Və fikirləşir ki, bütün yazılarına, həyatındakı ən işıqlı anlara görə o kəndə, atası Şıxalının, anası Bilqeyisin xatirəsinə borcludur.
1983-cü ildə universitetin (BDU-nun) tarix fakültəsini bitirib. Uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də işləyib. 70 yaşının tamamında belə bu yaşın onda gətirdiyi sakitlikdən əsər-əlamət yoxdur. İçində bir səs var ki, heç vaxt kirimir: o, kəndləri üçün neyləyib? Həmişə ona rahatlıq gətirən bu sualla bərabər, ürəyində qəribə bir arxayınlıq da yuva salıb – o, vicdanla yaşayıb. Yazdıqlarının içində də kölfəli heç nə olmayıb, hər nə varsa, işıqlıdır. Elə son kitabının adında da işıq var: KÖZ.
Sadəliyə, təbiliyə və səmimiliyə söykənən yaradıcılıq
O, ömrünün yarım əsrə yaxın dövrünü qələmə, yaradıcılığa həsr edib, minlərlə oxunaqlı mətbu yazısı, mükəmməl, diqqətçəkici bədii təsvirli əsərləri - şeirləri, poemaları, povestləri, oçerk və hekayələri ilə oxucularının görüşünə gəlib. Q.Şıxalıoğlu sözə və sözün böyüklüyünə dəyər verən, onu ilahiləşdirən, uca tutan bir şair, bir ziyalıdır. Hər bir kəlməsində, hər bir misrasında bir hikmət, bir öyüd, bir dəyərləndirmə var. Deyirlər poeziya həyatın özü qədər şirindir. Ona görə şirindir ki, burda qayğı, həsrət, nisgil qarışığı var. Qorxmaz müəllimin yaradıcılığında qayğı, həsrət, nisgil və dünyamızın narahat yaşamına etiraz, qəzəb, nifrət, sevgi bütövdür, tamdır... Bu bütövlüyü, tamlığı onun bütün yaradıcılığında aydın görmək olur.
Sadəlik, təbilik və ən çox da səmimilik Qorxmaz Şıxalıoğu şəxsiyyətinin qayəsini təşkil edir, o, saflığa, ədalətə, həqiqətə inanır. Haqq yolunda olan əyriliklərə, nöqsanlara qarşı seyrici qalmır, vuruşur, çarpışır. İncidildikdə, haqqı ayaqlar altına atılanda, ədaləti əlindən alınanda elə-belə insanlara şikayətlənmir, mübarizliyi, döyüşkənliyi ilə onu əldə edir.
Mən bir oxucu olaraq Qorxmaz müəllimin əsərlərini yorulmadan, həvəslə, maraqla oxuyuram. Çünki bu yaradıcılıqda yenilik, orjinallıq, məxsusi dəst-xətt var. Bu məxsusluq ancaq Qorxmaz Şıxalıoğuna xasdır.
Onun kitablarında ön söz öz sözüdür
Elə bu sətirləri yazanda onun sonuncu kitabı olan “Köz”ə nəzər yetirirəm. Bu kitabda ön sözü özü yazıb. Təbii ki, Qorxmaz Şıxalıoğlu kimi bir söz adamının kitabına istənilən professor, tanınmış yazıçı, şair böyük məmuniyyətlə ön söz yazar. Hətta mən deyərdim ki, bunu özünə şərəf bilər. Onun kitablarında ön söz öz sözüdür. Bəlkə də burda bir hikmət var. Axı müəllifin sözünü özündən qabaq kimsə bilmir, görmür. Qorxmaz müəllim nə yazdığını, nə dediyini hamıdan yaxşı bilir və görür. Ona görə də onun çəkisini, dəyərini bilib sözünü yazır. Düz də edir. Q.Şıxalıoğlu oxucunu uca tutan, onun ruhu qidasını verməyə çalışan, narazı salmayan söz adamıdır.
Onun dəfələrlə söhbətinin şahidi olmuşam. Hadisələri, gördüklərini elə maraqlı və şirin nəql edir ki, o auradan ayrıla bilmirsən. Onunla söhbətləşəndən sonra elə bil ki, dərddən, qəmdən azad olursan, sonralar müstəqil həyata atılmaq anlarından, əlin çörəyə çatan andan daha böyük mənəvi əzabların başlayır və heç vaxt səni tərk etmir. İqtisadi çətinliklər yox olur, həyatın ictimai pillələri ilə yuxarıya doğru addımlayırsan. Lakin bunlar sənə sevinc gətirmir. Sən öz şəxsində insanın necə dözümlü, möhkəm varlıq olmasına bir daha inanırsan. Neçə on illər ərzində bir-iki dəfə ürəkdən gülə bilirsən, ancaq ürəkdən ağladığın vaxtlar da olur...
Görünür, tale yazısı həqiqətdir, taledən qaçmaq mümkün deyil. Həm də çox vaxt hər bir adamın həyatı ümumi bir xətt üzərində davam edir. Uşaqlıq, ilk gənclik illərinin həvəsi, çalçağır çağları dərdlərin üstünü örtür, lakin onlar hiss edilmədən ürəyə yığılıb qalır. Çox vaxt da insanın vüqarı onların aşkarlanmasına imkan vermir.
Əsl ziyalı, tanınmış jurnalist obrazı...
Şəxsi münasibətlərində əsl pedaqoq məharəti göstərib, yaradıcı mühitə daim üstünlük verib. Bir çox mətbuat orqanında çıxş etsə də, ömrünün sonuna kimi təmsil olunduğu televiziyaya – ikinci doğma ailəsinə bağlanıb. Bağlandığı peşəsinə vurğunluğu onu əsl ziyalı, tanınmış jurnalist, şəxsiyyət kimi formalaşdırıb.
Uşaqlıqdan arzu və xəyallarında dolaşan xoş məramlı fikirləri məktəb illərindən, gənclik çağından onun stimuluna çevrilib. Tələbəlik vaxtı, başqa sahələrdə çalışdığı dövrlərdə daxildəki hayqırtısını şeirə, nəzmə hopdurub. Bulaq kimi axan təbinə sevincini, hönkürtüsünü, kövrəkliyini qatıb. Zəhmətə, işə alışqanlığı onun jurnalistikada, ədəbi-bədii mühitdə əsl ziyalılıq obrazını canlandırmağa təkan verib.
Belə bir fikir var ki, yüksək sənətkarlıq nümunələrinin sirri onun yaradıcılarının digər elmlərə də vaqif olması ilə şərtlənir. Bu mənada o, müasirlərindən fərqlənə bilib. Hətta kiçik bir yazıda belə özünəməxsus şirin, bənzərsiz çalarlarla oxucu könlünə yol tapıb, onu riqqətə gətirib. Bu hər yazara nəsib olmur, yəni fitrətinə uyğun deyil.
Böyüklərdən, şəxsiyyətlərdən müsbət mənada əxz etdiklərini özünün nümunəsində örnəyə çevirib. Zirvəyə ucalan pillələrə qədəm qoyduqca elin, xalqın məhəbbətini qazana-qazana şöhrətpərəstlikdən, mənəmlikdən uzaqlaşmağa cəhd edib. Çünki onu hörmətlə qarşılayıb, əsərlərini, yazdıqlarını alqışlayanların sayı heç də az olmayıb.
İşıqlı şəxsiyyət ömrü...
Qorxmaz müəllim xalqın içindən çıxmış ziyalıdır. İşıqlı şəxsiyyət ömrünü şam kimi bu yolda əridib. Bu sahənin kamil bilicisi, mütəxəssisi, peşəkarı kimi gənc nəsli parlaq gələcəyə doğru aparmağa müvəffəq olub, neçə-neçə adlı-sanlı insanın yetişməsinə vasitəçilik edib. Cəmiyyəti torpağa, yurda məhəbbətə, fədakarlığa çağırıb. Neçə-neçə əsərini Vətənə, el qəhrəmanlarına həsr edib. Azərbaycanımızın, İsmayıllımızın füsunkarlığını, sənət fədailərinin, əmək adamlarının şücaətini ağ vərəqə naxışlayıb. İstedadı və zəhməti sayəsində şərafət tapıb. Həmişə deyir ki, hələ acizik Tanrının bizə bəxş etdiklərini tərənnüm etməkdə. Hər təbiət möcüzəsini, insan xarüqəsini vəsf etməkdə yetərincə mahir deyilik. Amma Qorxmaz müəllim əslində bütün bunların öhdəsindən layiqincə gələ, kəsərli qələmi ilə özünü, sözünü təsdiq edə bilib.
Ömrünün 70-ci baharında da həyata inamlıdır, ümidlidir. Kənd, kənd həyatı onun üçün çox şey deməkdir. Onun nəzərində hər bir kəndin özünəməxsus gözəllikləri var: “Belə düşünəndə dünyada ilk əmələ gələn status obalar, kəndlər olub. Sonra böyük şəhərlər əmələ gəlib, meqalapolislərə çevrilib. Ümumiyyətlə, insanların yaşamlarını keçirdikləri yerlər çox önəmlidir. Onların həyat tərzinə təsir edən əsas amillərdir. Çox gəzən çox bilər misalını az qala həyat tərzinə çevirən Qorxmaz müəllim ən gözəl məkanları gəzdikdə daha da çox məlumat əldə edib öyrənir. Həyatda olan müəyyən qaydalar və qanunauyğunluqlar var. Kənd həyatı nə qədər gözəl, maraqlı olsa da, öz gözəlliyi ilə insanı valeh edir. Yaşıllıqlar, ağaçlar, təbiətin başqa gözəllikləri də insanı heyran, məftun edən ünsürlərdir. Həyatda elələri var ki, xoşbəxtliyini yaşıllıqlarda, çəmənliklərdə, çiçəklik arasında keçirməkdə görürlər. Gözəl bir dünya anlayışında da bu fakt inkaredilməzdir”. Bax, budur kənd və kənd həyatının ecazkarlığı Qorxmaz Şıxalıoğlunun düşüncəsində, fikirlərində…
Bir dəfə onunla zəngləşəndə dedi ki, kənddədir, istirahət edir. O qədər təriflədi ki, az qala o andaca uçub mən də o gözəl, cənnətməkana çatmaq istəyirdim. Bildirdi ki, təbiətin gözəl çağıdır, burada olandan ruhu da dincəlir. Səhər-səhər saat 6-7-də yuxudan oyanıb yemək yeyəndən sonra təbiətin qoynunda gəzməyin, mətin addımlamağın öz ləzzəti, öz qüruru var. Çıxırsan o gözəl oksigenli havadan qəbul edirsən. Hər gün ruhun daha da gözəlləşir. Sonra əşyalarını da özünlə götürüb gedirsən tarlaya, laləzarlığa. Gözəl oksigenli havadan sonra torpağın özünəməxsus qoxusunu da ciyərlərə çəkərək əsl zəhmətkeş həyata başlayırsan. Müəyyən dərəcədə işlədikdən sonra yorulursan, özün ilə apardığın yeməkdən, çaydan yeyib-içirsən və elə bilirsən bütün dünya, aləm sənindir. Dünyanın heç bir ləzzəti bu qədər doğma, əziz ola bilməz. Beləliklə, sabahlar günortanı əvəz edir. Günortaları isə axşam əvəz edərək evə getmək vaxtı çatır. Axşam yorğun olan bədənlə hərəkət etməyə çalışırsan. Bəzən bir maşın olur getməyə, bəzən isə axıra kimi piyada getməli olursan. Bu zaman yorulan bədən daha da yorulur və istirahət etməyə can atır. Elə ki evə çatırsan evdə də bir çay içib yuxuya dalırsan. Elə məhz bu, insan üçün ən xoşbəxt ana bərabərdir. Sevinirsən, gülürsən, əylənirsən və həyatın əsl dadını çıxarırsan. Hər gün rahat olanda həyatın dadı qalmaz. Həyatın dadı yorğunluqdan istirahətə başlamaqdan başlayır. Rahatçılıqdan deyil, zəhmət çəkdikdən sonrakı o ruh halından insan daha xoşbəxt olur…
Gülməyi də, ağlamağı da bacaran ruh adamı
Həyatda insan üçün mütləq mənada xoşbəxtlik yoxdur. Allahın yaratdığı ən ali canlı olan insan cəmi yetmiş, səksən il ömür sürürsə, onun da hələ şüursuz olan 10-15 illik uşaqlıq çağlarını, heç bir şeyə yaramayan 15-20 illik qocalığı nəzərə almasan, 30-35, ən çoxu 40 il əsl fəal həyat dövrü qalır. Belə halda insan necə xoşbəxt ola bilər. Ancaq bu adi həyatda əlavə çətinliklər olanda əzablar başdan aşır. Ürəksiz, cansız adamlar üçün dünyaya elə-belə yaşamağa gələnlər üçün həyatın mənasını, başqa canlılar kimi, ancaq yeyib-içməkdə görənlər üçün fərqi yoxdur. Söhbət Qorxmaz Şəxalıoğlu kimi əsl insanlardan gedir, təkcə ağılla hərəkət edən insanlardan deyil, həm də duya bilən, başqalarının kədər və sevincinə şərik ola bilən insanlardan, əsl sənət qarşısında heyrətlənə bilən, həyəcanlana bilən insanlardan gedir.
Bir çox həyat problemində, insanlara münasibətdə ağlımla qəlbim arasında daim mübarizə getdiyi məqamlarda onunla məsləhətləşmişəm. Məhz bu təmkinli, təskinlik verən söhbətdən sonra ürəyim, qəlbim, ağlıma qalib gəlib və bundan mənəvi zövq alsam da, zərər çəkdiyim hallar da az olmayıb. Lakin peşiman olmamışam. Çünki dəyərli məsləhət və tövsiyələri Qorxmaz müəllimdən almışam axı. Razılaşmışam ki, duyub-düşünmək qabiliyyətimi saxlaya bilmişəm, həyat hadisələrinə fəal hissi münasibətlərimi itirməmişəm, insanların taleyinə biganə deyiləm, gülməyi də, ağlamağı da bacarıram. Bax. Qorxmaz müəllimi digərlərindirən fərqləndirən xarakteri məhz budur!
İnsan yaşlaşdıqca kövrək olur, xəyallar aləmi onu çox-çox uzaqlara çəkib aparır. Qorxmaz Şıxalıoğlu ən ağır sarsıntılar içində də üzündə təbəssüm gəzdirib ki, başqalarına, ətrafdakılara xoş əhval-ruhiyyə bağışlasın, ürəyindən isə daim Daş asılıb (Taleyin bəstələdiyi müsiqini hələ notlara salan olmayıb). Yaxşılıq etdiyi adamlardan pislik görməyəndə sevinib.
Psixoloji sarsıntılar zaman-zaman zehnimin kəsərini, yaddaşımı zəiflədib. İşləyə bilmədiyi vaxtlar da çox olub. Ancaq oxumaq, yazmaq həvəsindən düşməyib, nə isə bir iş görmək, cəmiyyətə, ya kiməsə bir xeyir vermək arzusu onu heç vaxt tərk etməyib və bunlar onu həyata səsləyib. Bir də ürəyi ona həyan olub.
Allah bəlkə də ondan çox şeyi əsirgəyib. Hər mənzilə daşlı-kəsəkli yollarla gedib. Ancaq bunların əvəzində Allah-təala ona sevməyi də, nifrət etməyi də bacaran bir ürək verib. Hər cür hiylədən, məkrdən uzaq bir ürək. İnsanlara xidmət eşqi ilə döyünən bir ürək. Nadan sözünü vecinə almayan, dostun adi laqeydliyindən sınan bir ürək. Hər kəsə inanan, onun üçün də tez-tez aldanan bir ürək. İçində ağlayıb, üzdə gülənlər əsl insanlardır. Dərd belələrini daxilən yeyir, dağıdır, çürüdür, ancaq onlar başqalarına dərdsiz-ələmsiz görünür. Belə adamların həyatında hərdən közərən ümid qığılcımları da əlçatmaz olur və yeni əzablar mənbəyinə çevrilir. Belələri çox kövrək olurlar. Adi etinasızlıq onlara toxunur, büllur kimi təmiz, saf ürəklərini sındırır, ümidsizliyə qapılırlar. Amma Qorxmaz müəllim ruh adamıdır. O, heç vaxt ümidsizliyə qapılmayıb, gözlərində həmişə yaşam şöləsi, həyat qığılcımı görünüb...
Ömrünün 70-ci baharı mübarək olsun, böyük ruh adamı.
Daşdəmir ƏJDƏROĞLU