Sizin reklam burada
Sizin reklam burada

Novruz bayramınız mübarək olsun!

Novruz bayramınız mübarək olsun!


Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz yeganə bayramdır ki, insanlar onun müjdəsinə bir ay qalmış çıxır və bayram hazırlıqları görür. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.

Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Üçüncüsü yel çərşənbəsidir. Yel artıq azacıq oyanmış torpağı, təzəcə cücərmiş yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.

Bu çərşənbələrin hər birində insanları birliyə səsləyən bir çox nadir dəyərlər vardır. Ən azından bütün bu müqəddəs elementlər insanların bulaq başında, yanan ocağın ətrafında, torpağa tum səpəndə, əkində-biçində bir yerdə olmasının göstəricisidir.

Azərbaycan xalqının adət-ənənəsinə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.

Adətən bayramqabağı evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır. Novruz bayramında şirniyyat (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, dünyasını dəyişənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar. Bütün bunlar isə Novruz bayramının milli birliyə xidmət edən bir-birindən maraqlı elementlərindədir.

Novruz şənlikləri təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları müxtəlif xarici ölkələrdə də geniş qeyd edilir. Bu mərasimlərdə yaranan xoş ünsiyyət onları bir-biri ilə sıx şəkildə bağlayır, hər bir soydaşımızda milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır.

Novruz bayramlarımızın tacıdır. Yaşıl işığı hər evə, hər ürəyə düşür. Arzularımızı, diləklərimizi rəngdən- rəngə boyayır. Ömrünüz işıqlı, iliniz uğurlu, süfrəniz bərəkətli
olsun, əziz xalqım. Novruz bayramınız mübarək olsun!



Qasım Qasımov,
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ