Avropa İttifaqının idxal kvotalarını azaltması və Çinin qiymət təzyiqi Türkiyənin polad istehsalçılarını yeni bazarlara yönəldib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Rusiyanın geri çəkildiyi Baltikyanı ölkələrin bazarında mövqeyini gücləndirməyə çalışır.
Məlumata görə, Türkiyənin Polad İxracatçıları Birliyinin Latviya və Litvaya təşkil etdiyi səfər çərçivəsində 70-dən çox idxalçı şirkətlə 300-dən artıq işgüzar görüş keçirilib. Təxminən 100 milyon dollarlıq ticarət dövriyyəsinin təməli qoyulub.
Vurğulanıb ki, müharibədən əvvəl Latviyanın polad idxalında Rusiyanın payı 60-65 faiz təşkil edib. Litva isə 2025-ci ildə Türkiyədən 148 min tondan çox polad idxal edib.
Qeyd olunub ki, Türkiyə 2025-ci ildə xam polad istehsalını 3,3 faiz artıraraq 38,1 milyon tona çatdırıb. Ölkə Avropada birinciliyini qoruyub, dünya üzrə xam polad istehsalında 7-ci, ixracatda isə 5-ci yerdə qərarlaşıb.

