Fransa prezidenti Emmanuel Makron hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili ilə telefon danışığı zamanı respublikadakı mövcud vəziyyəti müzakirə edib və böhranın həllinə kömək təklif edib.
Bu barədə “Gürcü arzusu”nun mətbuat xidməti məlumat yayıb.
“Fransa prezidentinin təşəbbüsü ilə “Gürcü arzusu”nun fəxri prezidenti Bidzina İvanişvili ilə Emmanuel Makron arasında telefon danışığı olub. Makron qeyd edib ki, Gürcüstandakı vəziyyətdən təəssüflənir və vəziyyətin tamamilə yumşaldılmasına töhfə verməyə hazırdır. Bidzina İvanişvili, öz növbəsində, Fransa prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb”, - məlumatda qeyd olunur.
Söhbətin bir saat davam etdiyi qeyd edilir. Xatırladaq ki, Gürcüstanda oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi, eləcə də hakimiyyətin Aİ-yə üzvlüklə bağlı danışıqlar prosesini 4 il müddətinə dondurmaq qərarına qarşı etiraz aksiyaları həftələrdir davam edir.