Sizin reklam burada
Sizin reklam burada

CHP seçkidə AKP-ni məğlub etdi: Ərdoğan hakimiyyətdən gedəcəkmi?

CHP seçkidə AKP-ni məğlub etdi: Ərdoğan hakimiyyətdən gedəcəkmi?



CHP bələdiyyə seçkilərində mübarizədən qalib ayrıldı. AKP az faizlə geridə qalsa da, üç böyük şəhər – İstanbul, Ankara və İzmir yenə ana müxalifətin əlində qaldı. Bu seçkidə qələbəni təmin etmək, xüsusilə üç böyük şəhəri yenidən əllərində saxlamaq ötən il prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra ana müxalifət üçün “ümidli gələcək” gözləntisi yaradır. Bu, həm də Əkrəm İmamoğlunun post-Ərdoğan dövründə Türkiyənin lideri ola biləcəyi perspektivinin davam etməsi deməkdir.

Bələdiyyə seçkilərindəki qələbədə CHP-dəki lider dəyişikliyinin də önəmli payı var. Kılıçdaroğlu qalsaydı, narazı CHP-lilərin baykotu nəticələrə ciddi təsir edə bilərdi. Bu seçkilər CHP sədri Özgür Özelin də mövqelərini gücləndirəcək. Hərçənd, bu seçkinin nəticələrinin Türkiyənin gələcək siyasətinə yön verəcəyi – 2028-ci ildən sonra post-Ərdoğan dövrünü müəyyən edəcəyi fikri sual altındadır.

Birincisi, CHP-nin elektoratı təkbaşına hakimiyyətə gəlməyə imkan vermir, müttəfiqlik edəcəyi qüvvələr isə AKP-MHP ittifaqından fərqli olaraq, Türkiyəni koalisiya hökumətlərinin olduğu siyasi xaos dövrünə qaytara bilər ki, bunu Türkiyə dövləti və elektoratı istəmir;

İkincisi, dünya müharibələr, qlobal toqquşmalar mərhələsinə keçib və bunun uzunmüddətli olacağı aydındır: belə bir dövrdə Türkiyədə mövcud siyasi xəttin davam etməsi AKP proqramından daha çox, dövlət strategiyası olaraq görünür və bu strategiya CHP-nin siyasi xətti ilə uzlaşmır;

Üçüncüsü, böyük şəhərlərdə AKP müəyyən faizlə geridə qalsa da, Türkiyə üzrə üstün elektorata malikdir və dünyada millətçiliyin yüksəlməsi fonunda bu elektoratın dəyişəcəyi gözləntisi azdır;

Lakin bu seçkilər AKP-yə 2028-ci il üçün xəbərdarlıq xarakteri daşıyır və bunu nəzərə alacaqları bəllidir. Ümumilikdə isə Türkiyədə AKP-nin (hazırki siyasi xəttin) mərkəzi idarəçiliyi, CHP-nin isə yerli idarəçiliyi həyata keçirməsi kimi tendensiyanın başlandığı da müşahidə edilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ