Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə "Strandja" beynəlxalq turnirində 1/4 final döyüşlərinə start verilib.
Azərbaycan millisinin iki idmançısı bu mərhələni də qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.
50 kq-da Bilalhəbaşi Nəzərov Rudolf Qarboyanla (Ermənistan) qarşılaşıb. Boksçu böyüklər arasında ilk beynəlxalq yarışında erməni Avropa çempionunu 4:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
Nəzərov yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) döyüşəcək.
Malik Həsənov (65 kq) da növbəti qələbəsini qazanıb. O, Yertuqan Zeynulinova (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Həsənov finala vəsiqə uğrunda Yuri Falkao (Braziliya) ilə üz-üzə gələcək.
Hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, "Strandja"da yarımfinal görüşləri fevralın 28-də keçiriləcək. ( Milli.Az )

