Sizin reklam burada
Sizin reklam burada

ACF rəsmisi: “Bəzi cüdoçular bizi məyus edir, ümidləri doğrultmurlar”

ACF rəsmisi: “Bəzi cüdoçular bizi məyus edir, ümidləri doğrultmurlar”


“Təbii ki, bəzi çatışmazlıqlar və bizi məyus edən idmançılar var. Bunu açıq şəkildə deməliyəm. Federasiyanın onlara göstərdiyi etimadı tam doğrultmurlar”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.

Funksioner yığma üzvlərinin Portuqaliyadakı Qran-pri və Fransadakı “Böyük Dəbilqə”dəki çıxışlarına toxunub:

“Bizim üçün ilin əsas yarışı Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Hazırda bütün hazırlıqlar ora yönəldilib. İlin əvvəlidir, bəzi idmançılarımız yaxşı formada deyillər. Bu, nəticələrdə də sözünü deyir. Portuqaliya Qran-prisinin və Parisdəki “Böyük Dəbilqə”nin nəticəsinə baxanda hesab edirik ki, komanda plana uyğun olaraq yaxşı nəticə göstərir. Bəzi çəki dərəcələrində idmançılar onlardan çoxdan gözlənilən performansı göstərməyə başlayıblar. Parisdə iki gümüş medalımız oldu. Bunu qənaətbəxş hesab edirik. “Böyük Dəbilqə” və digərləri elə də önəmli deyil. Hazırlıq prosesinin düzgün getməsi, zədənin olmaması bizim üçün önəmlidir. İşimiz çoxdur, çalışmalıyıq”.

Baş katib fevralın 16-18-də Bakıda keçiriləcək “Böyük Dəbilqə”nin də onlar üçün vacib olduğunu diqqətə çatdırıb:

“Mayda dünya çempionatı gerçəkləşəcək. Bakıdakı turnir bir növ hazırlıq yarışı olacaq. Hazırda nəticədən çox hazırlıq prosesinin düzgün getməsinə önəm veririk”.

R.Rəsullu Yay Olimpiya Oyunları üçün seçim sənədlərinin olduğunu xatırladıb:

“İlk növbədə reytinq önəmlidir. Həmin vaxtda kimin formada olmasına da önəm veriləcək. 73, 100 və +100 kq-dan başqa digər çəkilərdə daxili rəqabət güclüdür. Sonda məşqçilər heyəti öz fikrini bildirəcək, sonra federasiya rəhbərliyi ilə qərar verəcəyik. Digər çəkilərlə bağlı qərarı maydakı dünya çempionatından sonra verəcəyik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ