2025-ci ilin iyul 19-da Xankəndində keçirilən III Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş tərkibli mətbuat nümayəndələri ilə görüşü oldu. Görüş həm yerli, həm də xarici media nümayəndələrinin iştirakı ilə baş tutdu və mühüm regional, beynəlxalq və daxili məsələlərə dair əhatəli fikir mübadiləsi ilə yadda qaldı. Bu görüş həm də beynəlxalq səviyyəli konfrans idi. Cənab prezidentin çıxışı bir sıra mühüm geosiyasi və hüquqi aspektlər baxımından diqqətəlayiq idi.
Ölkə pezidenti İlham Əliyev Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı ilk dəfə rəsmi mövqeyini açıqladı. Dövlət başçısı hadisə ilə bağlı Rusiyadan hələ də dolğun izahat alınmadığını bildirdi və bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcəyini bəyan etdi. Onun sözlərinə görə, baş verən hadisə nəticəsində yaralanan və həlak olanların ailələrinə kompensasiya tələb olunacaq. Bu yanaşma Azərbaycanın beynəlxalq hüququ əsas götürən xarici siyasət xəttini bir daha təsdiqlədi. Bu həm də ölkəmizin rəsmi mövqeyidir.
Mətbuat konfransında region üçün strateji əhəmiyyət kəsb edən qonşu Ermənistanla münasibətlər məsələsinə də geniş yer verildi. Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında sülh müqaviləsinin ilkin mətnində razılıq əldə olunub. Bununla belə, Ermənistan Konstitusiyasında dəyişikliklərin zəruriliyi və ATƏT-in Minsk Qrupu kimi keçmiş institutların fəaliyyətinin formal olaraq ləğvi bu prosesi bir qədər ləngidir. Azərbaycan Prezidenti sülhün yalnız siyasi iradə ilə deyil, hüquqi və konstitusion zəminlə də möhkəmləndirilməsinin vacibliyini vurğuladı.
Prezidentin çıxışında Zəngəzur dəhlizinə xüsusi diqqət yetirildi. İlham Əliyev Azərbaycanın bu nəqliyyat layihəsində təşəbbüskar və qətiyyətli mövqe nümayiş etdirdiyini bildirdi. Onun fikrincə, regionda nəqliyyat inteqrasiyası sülh və əməkdaşlıq üçün yeni imkanlar açır. Prezident həmçinin qeyd etdi ki, bu sahədə konkret addımların atılması vaxtıdır və artıq gözləmə dövrü geridə qalmalıdır.
İlham Əliyev Ukraynadakı münaqişəyə də münasibət bildirdi və Azərbaycanın prinsipial mövqeyini dilə gətirdi. O, Ukrayna xalqına çağırış edərək işğalı qəbul etməməyi və öz ərazi bütövlüyünü müdafiə etməyi tövsiyə etdi. Bu bəyanat Azərbaycanın öz 30 illik işğal tarixindən çıxardığı dərslərə söykənən bir mövqe idi və beynəlxalq ictimaiyyətə ünvanlanmış güclü mesaj daşıyırdı.
Prezident çıxışında 1990-cı illərin çətinliklərini, 2020-ci ildə baş verən Vətən müharibəsinin nəticələrini və bu gün Azərbaycanın suverenliyinin və bütövlüyünün bərpa mərhələsində olduğunu da xüsusi vurğuladı. Onun sözlərinə görə, Azərbaycan artıq yalnız regionda deyil, beynəlxalq informasiya məkanında da öz sözünü deyən, təşəbbüskar, güclü və prinsipial bir dövlətə çevrilib. Şuşada keçirilən bu forum və konfrans da bunu bir daha sübut etdi.
Ülvi Osmanlı
İsmayıllı rayon Diyallı kənd A.Məmmədov adına ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini,
Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri
