Vaxtı keçmiş kreditlərin həcmi artmaqda davam edir.
Son bir ildə problemli kreditlərin məbləği təxminən 29 faiz yüksəlib. Bu ilin aprel ayının 1-nə olan məlumata görə, gecikdirilmiş kredit portfeli 619,6 milyon manata çatıb. Göstərici təkcə əvvəlki ayla müqayisədə 10,25 faiz artım nümayiş etdirib.
Maraqlıdır, problemli kreditlərin sürətlə çoxalmasına təsir edən əsas amillər hansılardır?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, problemli kreditlərin artmasının əsas səbəbi ölkədəki iqtisadi böhrandır:
“İnsanların gəliri azalır, xərclər artır, qiymətlər artır. Bu vəziyyət sahibkarların durumuna da təsir edir. Həmçinin, investisiya mühiti də əlverişli deyil. Bu kimi səbəblər problemli kreditlərin həcminin artmasına təsir edir”.
Ekspert hesab edir ki, bu vəziyyət daha da dərinləşəcək və problemli kreditlərin həcmi artacaq.

