Qardaşım Təranə Əmirqızı Cəbiyevanın 60 illik yubleyinə ürək sözlərim
Sözə, qələmə və insanlığa həsr olunan ömür – Təranə Əmirqızı Cəbiyevanın 60 illik yubileyi
Şirin xyallara dalanda insanların sevinclərinə, dərd-sərlərinə şərik olanda, həyatı, gözəllikləri, yaxşı-yamanı duyub qiymətləndirəndə dönə-dönə düşünürəm: görəsən duyğusuz ya.amaq olarmı? Kiminsə dərd-sərini, arzusunu, sevincini duymadan rahat olmaq mümkündürmü?
Özümə verdiyim sualların cavabını götür-qoy etməmiş sanki ilahi bir varlıq mənimlə həmsöhbət olur. Mən də düşüncələrimi ağ vərəqə köçürməyə cəsarətlənirəm.
Sətirlər kağıza köçəndən sonra məni həssaslıqla qınayanların halına acıyır və Allahıma şükr edirəm ki, nə yaxşı mənə duymaq, kiminsə halına yanmaq üçün kövrək bir ürək verib. Ürəyim ən sədaqətli dostum, sirdaşımdır. Yalnız masa və kompüter arxasında oturanda o hansısa gözəgörünməz bir qüvvə ilə birləşir və məni məndən alır. O anlarda özümdən ayrı düşsəm də, ən xoşbəxt insan oluram və fəxr edirəm ki...
Fəxr edirəm ki, bu gün həmyerlimiz, elqızımız, cəsarətli, prinsipial qələm sahibi, nasir, yazıçı, şair Təranə Cəbiyeva ilə eyni dövrü bölüşürük. Fəxr edirəm ki, ikimiz də duyğusal insanlarıq. Fəxr edirəm ki, ikimiz də eyni torpağın övladıyıq. Fəxr edirəm ki... Bu fəxr etmələr birdirmi, ikidirmi, üçdürmü, neçədirmi?..
İnsan ömründə elə şəxsiyyətlər var ki, onların həyatı təkcə yaşanan illərlə deyil, gördükləri işlərlə, yaratdıqları dəyərlərlə ölçülür. Belə insanlardan biri də sözə, mədəniyyətə, ziyalılığa və insanlara bağlılığı ilə seçilən Təranə Əmir qızı Cəbiyevadır. Bu gün onun 60 illik yubileyi münasibətilə keçdiyi həyat yoluna nəzər salmaq böyük qürur və xoş duyğular yaradır.
Təranə Əmir qızı Cəbiyeva 1966-cı il mayın 10-da İsmayıllı rayonunun səfalı Quşencə kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən elmə, ədəbiyyata və yaradıcılığa maraq göstərən Təranə xanım təhsilini Quşencə kənd orta məktəbində alıb və oranı uğurla başa vurub. Məktəb illərində qələmə olan sevgisi onun gələcək həyat yolunu müəyyən edən əsas amillərdən birinə çevrilib.
Yaradıcılığa erkən yaşlarından başlayan Təranə xanım uzun illərdir jurnalistika sahəsində fəaliyyət göstərir. O, müxtəlif mətbuat orqanlarında çalışaraq sözün gücünü, jurnalistikanın məsuliyyətini və cəmiyyət üçün əhəmiyyətini daim qoruyub saxlayan ziyalılardan biri kimi tanınıb. Onun fəaliyyəti yalnız yazmaqla məhdudlaşmayıb, eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasına, ziyalıların bir araya gətirilməsinə və ədəbi mühitin inkişafına mühüm töhfələr verib.
Təranə xanım bir neçə ədəbi-bədii kitabın redaktoru kimi də böyük zəhmət çəkib. “Babadağa baxan ellər” kitabı isə onun müəllif kimi oxuculara təqdim etdiyi ilk əsərdir. Bu kitab təkcə bir əsər deyil, həm də insanların, xatirələrin və mənəvi bağların birləşdiyi dəyərli bir topludur. Daha sonra müəllifi olduğu digər kitablarla da oxucuların rəğbətini qazanıb.
Onun həyat və fəaliyyətində ən diqqətçəkən məqamlardan biri isə birləşdiricilik missiyasıdır. İllər öncə Bakıda və İsmayıllıda keçirilən möhtəşəm ziyalı görüşlərinin təşkilində Təranə xanımın xüsusi rolu olub. O, ziyalıları bir araya gətirməklə insanların arasında dostluq, hörmət, həmrəylik və birlik körpüsü qurmağı bacarıb. Digər ziyalımız Xeyrulla Ağayevlə birlikdə həyata keçirdiyi tədbirlər bu gün də xoş xatirələrlə yada salınır. “Babadağa baxan ellər” kitabının birinci hissəsi də məhz bu mənəvi birliyin təməlini qoyan mühüm addımlardan biri kimi yadda qalıb.
Bu gün də həmin dostluq münasibətlərinin davamlı olması Təranə xanımın necə səmimi, necə dəyərli insan olduğunu bir daha sübut edir. O, insanları yaxınlaşdıran, mehribanlığı və xoş niyyəti təşviq edən ziyalı xanım kimi böyük hörmət qazanıb.
Təranə Cəbiyeva cəmiyyətdəki mövqeyi ilə də seçilir. Belə ki, o, Azərbaycan Müstəqil Jurnalistlər Liqasının üzvüdür. Onun jurnalistika sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib və 2005-ci ildə Azərbaycan KİVİHİ Rəyasət Heyətinin “İnam” şərəf diplomuna layiq görülüb. Bu mükafat onun peşəsinə olan sədaqətinin və zəhmətinin bariz nümunəsidir.
Təranə xanım yalnız peşəkar jurnalist və yaradıcı insan deyil, həm də qayğıkeş ana və sevilən nənədir. Bir övlad anası olan Təranə xanım bu gün nəvəsinin sevgisi ilə həyatının ən gözəl çağlarını yaşayır və nənəliyin sevincini böyük məmnuniyyətlə hiss edir.
Mən belə duyğusal və çətin günlərimizin dayağı olan T.Cəbiyeva ilə səmimiyyətə söykənən dostluğumuza, saf münasibətimizə peşman deyiləm. Hesab edirəm ki, dünyada duyğusuz heç nə yoxdur. Bütün canlılar – həşəratlar, ağaclar, torpaq, quşlar da duyur, təbiətin gözəllikləri bu duyğuların canlı tablosudur. Meşələr, qayalar, laləli çəmənlər, bülbüllər, güllər duyğulardan yaranıb və yaranacaq. Duyğusuz yaşamağı ömrün faciəsi sayıram. Bir insanın dərdinə şərik olanda, duyğularım mənə şirin bir kədər bəxş edəndə yüngülləşirəm, daha da yanmaq, yaşamaq istəyirəm. Haqqında söz açdığım yubilyarımız Təranə xanım da eynən mənim kimidir, eyni xasiyyətdədir. Bir iş düzəlməyincə özünü rahat his etmir. Söz verdisə, mütləq ona əməl etməlidir. Sözübütöv, əməlisaleh olduğu üçün hamı onun xətrini çox istəyir.
60 illik ömür yolu Təranə xanım üçün, sadəcə, yaşanan illər deyil, insanların qəlbində qoyduğu izlər, qazandığı hörmət və yaratdığı mənəvi dəyərlərlə ölçülür. O, sözə sədaqəti, insanlara sevgisi və ziyalılığı ilə örnək bir həyat yaşayıb.
“5 qardaş” kimi qrupda birləşən bizlərin bacısı Təranə Cəbiyevanın dünyəvi-fəlsəfi baxışları, düşüncələri çox maraqlıdır, insan psixologiyasının incəliklərini bilir. Məhz buna görə də hər bir insanla asanlıqla dil tapa, ünslyyat qura, başqalarının xarakterinə, baxışlarına təsir göstərə bilir. Yazıçı və jurnalist kimi ona görə uğur qazana bilir ki, insanın iç dünyasına nüfuz etməyi bacarır. Yazılarından da əsl ziyalı ətri gəlir, fikir və düşüncələri ilə başqalarını da düşündürə bilir. İnsanın aysberq kimi maraqlı və zəngin hissəsi olan görünməyən tərəfini görməyə çalışır və bunu bacarır da. İnsanları daha çox müsbət keyfiyyətlərinə görə tanımağı və sevməyi üstün tutan Təranə xanımın böyük insan sevgisinin fövqündə bu duyğu durur. Kimdəsə nöqsan axtarmır, qəlbində nifrətə yer ayıran deyil. Geniş dünyagörüşü, daxili zənginliyi, nəhayətsiz sevgisi onun yaddaşına böyük güc verib, fenomenal yaddaş sahibinə çevirib.Vətən sevgisinin böyüklüyü ona İsmayıllını, eləcə də Quşencəni, bütövlükdə isə Azərbaycanı, dünəni va bu günü eyni dərəcədə sevməyə imkan verir. Ondan çox şey öyrənməyə dəyər.
Bu əlamətdar yubiley münasibətilə Təranə Əmir qızı Cəbiyevaya möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və ailə xoşbəxtliyi arzulayırıq. Qələminiz daim yazsın, sözünüz daim yaşasın, hörmətiniz isə hər zaman zirvədə olsun!
P.S
Qardaş, hər zaman belə gözəl, gənc və təravətli qal! Allah nəsib eləsin sənin haqqqında 100 illik yubleyində də yazaq. Öpüldün!
