ICESCO tərəfindən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsində “Şuşa – zirvədən uca” kitabı ərəb dilinə tərcümə edilərək çap olunub. Kitabın ərəbcə nəşri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “PAŞA Holding” MMC və “İRS-Heritage” jurnalının dəstəyi ilə ərsəyə gəlib.
Noyabrın 20-də COP29 çərçivəsində ICESCO-nun pavilyonunda kitabın təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, 2023-cü ilin 25 sentyabr tarixində Qətər Dövlətinin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu ilin 11 may tarixində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə Şuşada “İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimi keçirilib: "Cənab Prezidentin açılış mərasimində çıxışında dediyi kimi, “Biz 28 il Şuşasız yaşadıq. Bu işğala baxmayaraq Şuşa öz ruhunu – Azərbaycanın ruhunu qoruyub saxlaya bildi. Şuşa işğaldan azad olunandan sonra ona qayıdanda hər birimiz bunu bir daha gördük”. Bu gün Şuşada genişmiqyaslı yenidənqurma işləri aparılır. Burada əsas məqsəd 30 ilə yaxın işğalın qurbanı olmuş qədim Azərbaycan mədəniyyətinin bərpasıdır. Azərbaycan mədəniyyəti, incəsənəti, irsi bərpa olunur, insanlar öz doğma yurdlarına qayıdırlar. Bu mənada, kitab bütün Ərəb dünyasına Şuşanın nadir mədəni və tarixi irsini kəşf etməyə imkan verəcək. Bu prosesə verdiyi dəstəyə görə Salim bin Məhəmməd əl-Malikə təşəkkürümü bildirirəm”.
#Azərbaycan #MədəniyyətNazirliyi #ICESCO #IDEA #COP29 #COP29Azerbaijan
